“Bu barədə Elxan Məmmədovdan soruşa bilərsiniz”: Eddi İsrafilov

ESTAFET/ “Azərbaycana qayıtdığım, “Neftçi” kimi klubun şərəfini qoruduğum üçün çox şadam”. Bunu “Neftçi”nin yeni transferi Eddi İsrafilov deyib.

Bu gün klubun bazasında təşkil olunan brifinqdə fikirlərini bölüşən 30 yaşlı yarımmüdafiəçi uzun müddət yaşıl meydanlardan uzaq qalsa da, təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama görüşünə qədər hazır olacağını söyləyib.

Orta sahə oyunçusu Azərbaycan dilini öyrənməyə çalışdığını sözlərinə əlavə edib: “Azərbaycan dilini, demək olar ki, bilmirəm. Burada olduğum müddətdə əsas məqsədlərimdən biri bu dili öyrənmək və daha da mükəmməlləşdirməkdir. Anam 3-4 yaşıma kimi mənimlə rus dilində danışıb, ona görə bu dili bilirəm. Çox istifadə etmədiyim üçün rus dilini də yavaş-yavaş unuduram”.

Milli komandamızın üzvü Vətən müharibəsi zamanı müsahibə verməməsinin səbəbini də açıqlayıb: “İndiyə qədər bu mövzu barədə heç vaxt müsahibə verməmişəm. Anam haqda çıxan məlumatı haradan götürdüyünüzü bilmirəm. Amma belə bir şey olmayıb. Yazılanların hamısı birmənalı olaraq yalandır. Müharibənin başlanğıcında da, müharibə bitəndən sonra da sosial şəbəkələr vasitəsilə Azərbaycanı dəstəkləmişəm. Bunu sizə sübut edə də bilərəm. Ona görə müsahibə verməmişəm ki, Azərbaycan və rus dilində yaxşı danışa bilmirəm. 3-4 yaşıma kimi burada olmuşam. Bura mənim ana Vətənimdir. Bu ölkəyə hörmətlə yanaşıram. Bu mövzu barədə bir daha danışmaq istəmirəm. Vurğulamaq istəyirəm ki, Qarabağ Azərbaycandır”.

İsrafilov əsas hədəflərindən biri “Neftçi”də özünü yaxşı tərəfdən göstərərək, yenidən milliyə qayıtmaq olduğunu deyib: “Bu aralar millinin oyunlarında, təlim-məşq toplanışlarında iştirak etməsəm də, baş məşqçi müntəzəm olaraq mənimlə əlaqə saxlayırdı. Onunla danışıqlarımız olurdu. Tezliklə formamı bərpa edib, həm “Neftçi”yə, həm də Azərbaycan millisinə kömək etmək istəyirəm”.

Eddi millidə oynadığı zaman AFFA-dan çox pul tələb etməsi və bu səbəbdən gəlməməsi ilə bağlı məlumatların da həqiqətə uyğun olmadığını əlavə edib: “Jurnalistlər bizimlə meydana çıxmırlar. Bu barədə məlumat əldə etmək istəyirsinizsə, komanda yoldaşlarımızdan, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovdan və ya baş məşqçidən soruşa bilərsiniz. Belə bir şey olmayıb”.

Qeyd edək i, Eddi İsrafilov “Neftçi” ilə 2,5 illik müqavilə imzalayıb. (apasport.az)

Müəllif: Bəhruz MƏMMƏDOV