"Bahar turniri" keçiriləcək

ESTAFET/ AFFA-nın təşkilatçılığı ilə 7-8 may tarixlərində Bakı şəhəri üzrə 12 yaşlı qızlar arasında "Bahar turniri" keçiriləcək.

“Rəvan” FK-nın bazasında (Qaraçuxur qəs.) təşkil olunacaq turnirdə 7 komanda mübarizə aparacaq. Turnirin ilk günü qrup oyunları (A və B qrupu), növbəti gün isə final mərhələsinin oyunları keçiriləcək. Hər komandada 3 nəfər 2010-cu il olmaqla 2011 və 2012-ci il təvəllüdlü 7 qız futbolçunun iştirakına icazə verilir. İştirakçı komandalar AFFA tərəfindən idman geyimi ilə təmin olunacaq. İlk üç yeri tutan komandalar diplom və medallarla, qalib komanda isə kubokla mükafatlandırılacaq.

Qeyd edək ki, layihənin əsas məqsədi növbəti mövsüm U-12 Qızlar Liqasının yaradılması və qadın futbolçulardan ibarət milli komandalara futbolçuların hazırlanmasıdır. Növbəti aylarda daha 2 regionda (Şimal-Qərb və Qərb) bu layihənin həyata keçirilməsi planlaşdırılır.

Müəllif: Məsim MƏSİMZADƏ