Naxçıvanda məşqçilik kurslarına yekun vurulub

ESTAFET/ Naxçıvan Muxtar Respublikasında təşkil olunan beynəlxalq səviyyəli Level 1 məşqçilik kurslarına yekun vurulub. Level 1 məşqçilik kursları Milli Olimpiya Komitəsi, Azərbaycan Badminton Federasiyası və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi fondu və Dünya Badminton Federasiyasının dəstəyi ilə həyata keçirilib.

Dünya Badminton Federasiyasının eksperti, Azərbaycan milli komandasının baş məşqçisi Morteza Validarvinin moderatorluğu ilə keçirilən və 24 idman müəlliminin qatıldığı kurslarda qısa müddət ərzində iştirakçılara badmintonun nəzəri və praktiki bilikləri öyrədililib. Kursun yekununda MOK-un Beynəlxalq layihələr üzrə katibi Ceyhun Rəhmanov, ABF-nin baş katibi Ramil Hacıyev və Naxçıvan Muxtar Respublikası GİN-in idman şöbəsinin müdiri Taleh İbrahimov çıxış ediblər. Daha sonra təşkilatçılar idman müəllimlərinə sertifikatlar təqdim ediblər.

Bundan əlavə, Level 1 məşqçilik kurslarında iştirak edən müəllimlər mini badminton turnirində qüvvəsini sınayıb. Yarışın mükafatçıları təşkilatçılar tərəfindən hədiyyələrlə tətif olunub. Azərbaycan Bamdinton Federasiyası tərəfindən Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən bəzi məktəblərə badminton invertarları hədiyyə olunub. Tədbir 5 İyul Ümumdünya Badminton Günü və Milli Olimiya Komitəsinin 30 illik yubileyi çərçivəsində baş tutub.

Müəllif: Orxan NOVRUZOV