Trek velosipedi üzrə Azərbaycan çempionatına start verilib

ESTAFET/ İyulun 22-də Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə Respublika Velotrekində trek velosipedi üzrə Azərbaycan çempionatına start verilib. Bütün yaş kateqoriyaları üzrə keçirilən yarışda ümumilikdə 80 idmançı mübarizə aparır.

Üç gün davam edəcək çempionatın ilk günündə velosipedçilər GİT-200 və GİT-500 metr, həmçinin qrup yarışlarında (48 və 72 dairə) mübarizə aparırlar.

İyulun 23-də isə idmançılar 2 və 3 km məsafələrə fərdi ötüşmələrdə və çıxmaqla qrup yarışlarında iştirak edəcəklər.

Çempionatın son günündə (iyulun 24-də) velosipedçilər 7,5 və 10 km məsafələrə skretç, həmçinin sprint növləri üzrə güclərini sınayacaqlar.

Qeyd edək ki, GİT-200 metr yarışında ilk 1-12-ci yeri tutan velosipedçilər sprint üzrə mübarizə aparmaq hüququ qazanacaqlar.

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışın nəticələri UCI-yə göndəriləcək, həm ölkəmizin, həm də idmançıların şəxsi reytinqində nəzərə alınacaq.

Nəzərinizə çatdıraq ki, velosiped idman növünə həvəsi olan hər kəs Respublika Velotrekinə gələrək trek üzrə ölkə çempionatını izləyə bilər. Yarışa baxmaq üçün giriş sərbəstdir.

Müəllif: Natiq NƏSİROV