Hakim yoxsa heç kim ...?

ESTAFET/ Almaniyanın Dortmund şəhərində keçirilən güləş növləri (sərbəst, qadın və yunan-Roma) üzrə gənclər arasında Avropa çempionatı dünən yekunlaşıb. Çempionatı başdan sonadək izlədikdən sonra, uzun zamandır narahat olduğum və toxunmaq istədiyim bir məsələ haqda yazmaq qərarına gəldim – HAKİMLİK!


Bəli, əksər idman növlərində olduğu kimi, güləşdə də zaman-zaman bəzi dəyişikliklər edilir. Həyata keçirilən bu dəyişikliklərin müəyyən zərurətlərdən doğduğunu başa düşürəm - əlalxüsus da güləşdə. Çünki, bir müddət öncə güləşin Olimpiya ailəsindən xaric edilmə təhlükəsi ilə üz-üzə qaldığını hamımız xatırlayırıq. Başadüşüləndir ki, Dünya Güləş Birliyi bunu nəzərə alaraq, müəyyən islahatlara getmək məcburiyyətində qaldı. Bildiyimizə görə, hər bir dəyişiklik idman növünün müsbət yöndə, daha baxımlı və dinamik olması üçün edilir. Lakin güləşdə hakimliklə bağlı vəziyyət tam əksinədir.

Avropa çempionatı zamanı fikirlərimdə haqlı olduğuma bir daha əmin oldum – bugün yarışlarda əsas hakim funksiyasını yerinə yetirən döşək hakimi demək olar ki, heç kimdi! Belə ki, bu ha(heç)kim sərbəst şəkildə hər hansı bir qərar vermə səlahiyyətinə malik deyil! Çünki, ən sadə bir vəziyyətdə belə (misal üçün, rəqib döşəkdən kənara çıxdıqda) 1 xalı vermək üçün bu şəxs boynunu sağa-sola çevirməkdən yorulur. Tuşe zamanı baş verənlərdən isə heç danışmaq istəmirəm. Güləşçinin kürəyinin döşəyə sıxılıb-sıxılmadığına baxmaq əvəzinə, özünü itirərək sağa-sola elə baxır ki, elə bil kənardan kömək dilənir. Çiyinlərin döşəyə sixilib-sixilmadığını səndən daha yaxşı və dəqiq kim görə bilər axı cənab ha(heç)kim!?

Nadir hallarda bəzi hakimlər ani və doğru qərarlar vermək istəyirlər. Bu zaman isə kənardakılar tamam başqa bir qərar (xal) göstərirlər. Belə məqamda məşqçi etiraz hüququndan istifadə edir. İzlədiyim bütün yarışlar zamanı özüm üçün apardığım statistika isə onu göstərir ki, hakim qərarlarından edilən etirazların ən azı 80 faizi etiraz edənlərin xeyrinə dəyişir. Bu isə o deməkdir ki, 1 məşqçi 4 hakimin birgə verdiyi qərara .......!

P.S. Etirazlar, yaşlı və həddindən çox kök hakimlər haqda isə daha geniş yazıya ehtiyac var...

Müəllif: Natiq NƏSİROV