Yağmurdan növbəti beynəlxalq mükafat

ESTAFET/ Stolüstü tennisçimiz Yağmur Məmmədli daha bir beynəlxalq yarışın mükafatını qazanıb.

İstedadlı idmançı mayın 15-dən 21-dək Bolqarıstanın Panaqyurişte şəhərində keçirilən dünya seriyalı “WTT Youth Contender” turnirində bürünc medala layiq görülüb.

22 ölkənin tennişçilərinin qatıldığı turnirin qrup mərhələsini ikinci yerdə başa vuran Yağmur 1/4 finalda serbiyalı Teodora Sudzumu mübarizədən kənarlaşdırıb. Yarımfinalda isə o, Cənubi Koreya idmançısı Li Haelinə uduzaraq bürünc medalla kifayətlənib.

Qeyd edək ki, “Eurotalent” seçimlərindən uğurla keçən Yağmur Məmmədli Avropanın ən istedadlı stolüstü tennisçiləri sırasındadır.

Müəllif: Zaur HACIYEV