Beynəlxalq Universitet İdmanı Festivalına yollanacaq idman nümayəndə heyəti ilə görüş olub

Avqustun 15-də Gənclər və İdman Nazirliyində Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək Beynəlxalq Universitet İdmanı Festivalına yollanacaq idman nümayəndə heyəti ilə görüş olub.
Görüşdə nazirliyin qeyri-olimpiya idman növləri üzrə sektor müdiri Aydın Məmmədov festival və onun reqlamenti haqqında iştirakçılara məlumat verib. Bildirilib ki, avqustun 19-dan 31-dək keçiriləcək Beynəlxalq Universitet İdman Festivalı Yekaterinburq şəhərinin 300 illik yubileyinə həsr edilib. 36 ölkədən müxtəlif universitetlərin tələbələri 14 idman növündə qüvvələrini sınayacaqlar.
Festivalda Azərbaycanı 10 təhsil ocağından 54-ü kişi 15-i qadın olmaqla 69 idmançı təmsil edəcək. Təmsilçilərimiz 8 idman növündə - badminton, stolüstü tennis, boks, güləş, taekvondo, futzal, üzgüçülük, sambo üzrə yarışacaqlar.
Yarışın açılış mərasimi avqustun 20-də keçiriləcək.
Festivalın sonunda ölkələr üzrə deyil, təhsil ocaqları üzrə təltifolunma mərasimi olacaq.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
