"MƏNCƏ O MƏSƏLƏ ÇOXDAN BAĞLANIB" - VƏLİ QASIMOV

ESTAFET/ "Neftçi"nin sabiq baş məşqçisi Vəli Qasımov Qol.az saytına müsahibə verərək bir çox maraqlı məqama toxunub.

 

"Neftçi"dən ayrıldıqdan sonra nə işlə məşğul olursunuz?

Hələlik heç nə. Dəvət gözləyirəm, bəlkə kiməsə lazım olam.

 

Əvvəlcə U-21-in Avropa çempionatının seçmə mərhələsinin Almaniya və Kosovo ilə oyunlardakı çıxışı haqda fikirlərinizi bilmək istərdim.

Bu gün əlimizdə hansı futbolçular varsa, onlarla da oynayırıq. Görünür ki, bizim uşaqlar bu cür oyunlara hazır deyillər. Ona görə nəticə verə bilmirlər. Əslində bundan daha böyük problem var. AFFA 10 ildir 1 nəfər futbolçu yetişdirməyib. Günah birinci AFFA-dadır. Artıq dəyişiklik vaxtı çatıb. Gərək, Rövnəq müəllim elə bir dəyişiklik etsin ki, işlər də düzgün getsin. 10 il bundan qabaq Avropanın bəzi ölkələrinə 3-4 futbolçu göndərsəydilər, indi əlimizdə hazır oyunçular olardı. Milyardlarla pul gedib, bir nəfər normal futbolçumuz yoxdur ki, Avropada oynasın. Əsas problemi bunda görürəm. Material olmayandan sonra komandanın başına kimi qoyursansa qoy, xeyiri olmayacaq. Gələcəyi fikirləşmək lazımdır. Bu gün nəticə istəmək düzgün deyil. 3-4 ildən sonra bunu tələb etmək olar. Düzdür, bizdə aşağı yaş qrupları üzrə komandalar var. Amma onlar böyük nəticələr üçün deyillər.

 

Siz dediniz ki, Azərbaycanda futbolçu yetişmir. Onda belə çıxır ki, əcnəbi futbolçuların milliləşdirilməsi zərurətdən irəli gəlir?

Bütün dünyada milliləşdirmə var. Baxırsan, Avstraliyanın futbolçusu serbdir, ya başqa ölkədəndir. Bu, hər yerdə var. Ancaq legioner götürəndə də, çatışmayan mövqe üçün götürməlisən. Sənin harada zəif nöqtən varsa, legioneri də ora gətirməlisən. Əgər yerlilərlə eyni səviyyəlidirsə, nəyə götürürlər ki?

 

Samir Ələkbərovun U-21-dən ayrıldıqdan sonra səsləndirdiyi fikirlər geniş rezonans doğurdu. O, saytımıza müsahibəsində bildirib ki, yığmaya futbolçu götürməsi üçün ona çoxlu zənglər olub. Sizin də vaxtınızda sifariş olurdumu?

Samir Ələkbərov düz deyir. Belə hallar olub. Düzdür, pul söhbəti olmur. Amma bəzi adamlar xahiş edirlər ki, bu futbolçuları götür. Götürməyəndə də problem çıxır. Çox adam qorxur, deyə bilmir. Lakin belə şeylər var.

 

"Bakı" klubunun vitse-prezidenti Yaşar Seyidov isə yığmalarda "lipa" futbolçuların olduğunu iddia edib...

Yox, məncə "lipa" məsələsi çoxdan bağlanıb. AFFA bununla bağlı hər şeyi fikirləşib. "Lipa" olsa da, çox az ola bilər. Belə də ki, lap 11 nəfər "lipa" futbolçu qoy, yenə xeyiri olmayacaq. Əsas məsələ futbolçunu yetişdirməkdir. Özüm də şahidi olmuşam ki, federasiya yaş saxtalaşdırılması ilə ciddi məşğul olur. Yenə deyirəm, indi varsa da, çox az saydadır. Əvvəllər isə həddindən artıq çox olurdu.

 

Əsas milliyə Qurban Qurbanovun baş məşqçi təyin olunması qərarını necə qarşıladınız?

Bu gün milliyə əcnəbi mütəxəssis gətirmək düzgün deyil. Gətirirsən, hamı nəticə istəyir. Həmin məşqçi yaxşı olsa belə, nəticə olmayanda çıxıb gedir. Qurban Qurbanovun təyinatı düzgün qərardır. Azərbaycan çempionatını, bütün futbolçuları yaxşı tanıyır. İndi ondan nəticə istəmək düzgün deyil. Amma düzgün iş görsə, ən əsası, ona işləməyə imkan versələr, gələcəkdə Azərbaycandan yaxşı oyunçular çıxa bilər.

 

Təkcə əsas milli yox, aşağı yaş qrupları da Qurbanovun nəzarəti altında olacaq. Hələlik qeyri-rəsmi də olsa, artıq Qurbanov "təmizlik" işlərinə başlayıb. Özünə lazım olan kadrları yığır. Maraqlıdır, sizə də təklif gəlsə, hansı cavabı verərsiniz?

Baxır vəziyyətə. Əsas məsələ işləməyə imkan verməkdir. Yarım il işləyirsən, çıxardırlar ki, guya nəticə yoxdur. Bizim futbolun problemi budur. İmkan versələr, işləmək, yaxşı komanda qurmaq olar. Gələcəkdə yaxşı uşaqlar da yetişər. Yoxsa hərə öz fikrini deyəcəksə, lazım deyil. Hamı istəyir ki, Azərbaycan Avropada, dünyada yaxşı nəticələr qazansın. Amma bu gün "Qarabağ"dan başqa heç bir klubdan, yığmadan bunu görmürük. "Qarabağ" da demək olar ki, legionerlərin köməyi ilə yaxşı futbol göstərir.