Podium qəhrəmanlarının mətbuat konfransı - Azerbaijan Grand Prix 2018

ESTAFET/ Ölkəmizdə keçirilən və öz möhtəşəmliyi ilə daim müzakirə mövzusu olan Formula 1 üzrə 2018-ci il Dünya çempionatının Azərbaycan Qran Prisinə yekun vuruldu. Bildiyiniz kimi, çox maraqlı, gərgin və gözlənilməzliklərə dolu olan bu sürət bayramında Luis Hemilton, Kimi Raykkonen və Serxio Peres podiumda yer almağı bacardılar. Yarışdan həmən sonra bu trionun iştirakı ilə mətbuat konfransı keçirilib. Konfransın stenoqramını sizlərə təqdim edirik. 

 

- Perez, möhtəşəm yarış idi. Sonuncu dəfə podiuma elə burada çıxmışdınız.
Serxio Perez: Bəli, iki il əvvəl. Bu gün bütün karyeramın ən yaxşı iki dövrəsini başa vurdum. Son iki dövrə çox çətin oldu. Sebastian arxamda idi, təkərlər soyumuşdu. Supersoft tərkiblə yarışırdım. Kimiyə çatmaq üçün qızğın mübarizə aparırdım, eyni zamanda Sebastianın məni ötüb keçməsinə yol verməməli idim. Söz tapa bilmirəm.


- Luis, Sebastianın necə yarışacağını təxmin edirdin?
Luis Hamilton: Qətiyyən. Valteri bugün əla yarışdı. Qələbəyə layiq idi. Səbastian da həmçinin qızğın mübarizə aparırdı. Bu gün həqiqətən də bəxtim gətirdi, ona görə də podiuma çıxmaq mənə bir az qəribə gəlir. Ancaq mən də sona qədər yarışdım.


- Qran Priyə çətin başladınız. Okonla bərabər yarışırdınız. Yarış rəhbəri həmin qəzanın yarış insidenti olduğu qənaətindədir. Bəs siz nə düşünürsünüz?
Kimi Raykkonen: Fikrimcə, o, bəlkə də məni görmədi. O, döngəyə daxil olanda məni görmədi. Mənim üçün yaxşı başlanğıc deyildi, xoşbəxtlikdən bundan daha pis vəziyyətlə qarşılaşmadım. Çətin yarış idi. Təkərləri isitməklə bağlı bəzi problemlərim oldu. Sona qədər yarışmaq istəyirdim, bunu bacardım. Ancaq asan olmadı.


- Luis, təbriklər, 63-cü qələbənizi qazandınız. Yarışın çətin keçəcəyini söyləmişdiniz. Bəs boliddən necə, razı qaldınızmı?
LH:  Müəyyən mənada bəli. Düzünü desəm, bütün həftəsonu mənim üçün çətin keçdi. Xüsusilə son iki yarış. Bəhreyndə təkərlərlə bağlı problem yaşamışdım. Bugünki nəticəyə görə sevinməliyəm. Yarış çaşdırıcı idi, nə baş verəcəyini proqnozlaşdırmaq mümkün deyildi. Təhlükəsizlik maşını trekə daxil olurdu, xeyli mövqe itirirdim. Bu trekdə hər şey ola bilər. Əsas məsələ başını aşağı salıb sona qədər mübarizə aparmaqdır. Yarışı birinci başa vurdum. Düzü, buna inana bilmirdim. Ferrarini arxada qoymuşdum. Diqqətimin yayınmaması və yarışa beləcə başa vurmaq üçün dua edirdim. Yarış zamanı çoxlu gözlənilməz hadisələr baş verdi. Yaranmış vəziyyət işimə yaradı. Qələbə qazandım, ancaq hələ də turnir cədvəlində rəqiblərimizdən geridəyik. Hal-hazırda üstünlük Kimi və Sebastiandadır. Bolidlərimiz əla vəziyyətdədir. Ancaq onu daha da təkmilləşdirməli və idarəni asanlaşdırmalıyıq.

 

- Çempionatın ilk sıralarına qayıtmaq sizi rahatlaşdırıb?
LH: Özümü indi heç də rahat hiss etmirəm. Qarışıq hisslər keçirirəm. Tez-tez komanda yoldaşımla gərgin mübarizə apardığımı eşidirəm. Valteri əla yarışdı. Sıralanma turunda yaxşı nəticə əldə etdim, bugünki yarışda isə bəzi səhvlərə yol verdim. Bolidi idarə etmək çətin idi, təkərlərdə problem vardı. Üzərində işləməli olduğum bir neçə məsələ var. Performansımı yaxşılaşdırmalıyam.


- Kimi, dünən və bu gün qələbəyə çox yaxın idiniz. Qran Prini birinci yerdə başa vurmadığınız üçün içinizdə qəzəb hissi keçirirsinizmi?
KR:  Xeyr, qətiyyən. Döngələrdə rahat idim. Bugünki yarış qəzalarla bol idi. İlk döngələrdə bolidin ön qanadı və təkər zədə aldı. Təkərlər tez-tez kilidlənirdi. Trekin bəzi hissələrində baryerlərə çox yaxınlaşırdım, amma həmin yerləri qəzasız ötüb keçməyi bacardım. Öz-özümə düşünürdüm ki, bacardığım qədər yüksək sürətlə sürəcəm, ancaq Red Bull komandasını gördünüz. Yarışın əvvəlində yanbayan mübarizə aparırdılar, qəza baş verəcəyi qaçılmaz idi. Həmin qəzadan sonra hər şey dəyişdi. Təkərləri dəyişdikdən sonra üstünlüyü ələ ala bildik. Dünənlə müqayisədə daha yaxşı yarışdım. Ancaq ikinci yerlə kifayətlənmək istəmirik. Sürətli olduğumuzu bilirik. Sadəcə olaraq, əlimizdə olanları dəyərləndirməliyik. Əminəm ki, bunu bacaracağıq.


- Perez, sizi və Force India-nı yenidən podiumda görmək xoşdur. Son ay ərzində komanda
böyük fərqə imza atdı. Bu nəticəni əlinizdə saxlayacağınıza nə dərəcədə əminsiniz?

SP: Qələbəmiz trekdə baş verən təsadüflərin nəticəsi idi, komandanın yaranmış vəziyyəti dəyərləndirməsi isə bir təsadüf deyildi. Bugünki yarışda qazandığımız xallarla Renault komandasıyla aramızda olan fərqi aradan qaldıra biləcəyik. Bu həftəsonu dördüncü ən yaxşı komanda olduğumuzu düşünürəm. İki həftə sonra Barselonada bizi çox vacib və maraqlı bir yarış gözləyir. Yaxşı irəliləyirik. İndiyə qədər komandanın hesabında yalnız bir xal var idi. Bu yarış komanda üçün əla motivasiya oldu. Strategiyamız yaxşı idi, komanda əla performans göstərdi.


- Kimi, bu mövsüm bir neçə yarışda uğursuzluqlarla üzləşdiniz. Qələbələrin çoxunu başqalarının
səhvi ucbatından əldən qaçırdınız. Sizcə, bu gün şans məhz sizin üzünüzə güldü? Mövsümün
digər yarışlarında qələbə qazanmaq üçün şans nə dərəcədə əhəmiyyətlidir?

KR:  İllərdir, qarşıma çoxlu sayda şans çıxdığını deməzdim. Şansa bel bağlamaq olmaz. Məncə, hər kəs layiq olduğunu əldə edir. Ola bilər, bəzi yarışlarda daha şanslısan. Bu gün yarışda xeyrimizə bir çox hadisə baş verdi, amma qarşımızda olanlar tamamilə bizdən asılı idi. Belə bir yarışda qəzadan uzaq durmaq öz bəhrəsini verdi. Sürətli olduğumu bilirəm. Bütün gücümüzü birləşdirməliyik, o zaman daha yaxşı nəticələr əldə edəcəyik.

 

- Luis, Valterinin heç nəylə toqquşmadığının şahidi olduq. Trekdə Romanın qəzasında qalma
qırıntılar olduğunu düşünürsünmü?

LH: Valterinin arxasında idim, amma nə isə görmək qeyri-mümkün idi. Yüksək sürətlə hərəkət edəndə görüntü bulanıq olur. Bircə onu gördüm ki, Valterinin bolidindən parçalar qopub ətrafa səpələndi və sürəti birdən-birə yavaşıdı. Dəqiq deyə bilmərəm nə baş verdi. Sürətlənmə düzlüyündə qəlpələr olduğunu görməmişdim, ancaq komanda yoldaşlarım Romanın qəza etdiyi yerdə qırıntılar olduğunu söyləyirdirlər.


- Kimi, Perez birinci döngədə sizinlə toqquşdu, daha sonra Okonla insident yaşadınız. Yarışın sonuna qədər bolid zədəli vəziyyətdə idi? Çatışmazlıq olduğunu hiss edirdinizmi?
KR: Düzünü desəm, bilmirəm. Bolidin ön qanadı və sağ təkəri zədə almışdı, sonra ön qanadı dəyişdilər, ancaq bolidi yoxlaya bilmədim. Bundan başqa, birinci döngədə yüksək sürətlə baryerə sürtündüm. Xoşbəxtlikdən, ön çarx böyük zədə almadı. Məncə, bolidin vəziyyəti normal idi. Bəzən təkərlərlə bağlı problem yaşayırdım. Başqa elə də böyük zədə olduğunu düşünmürəm.


- Luis, Ferrarinin hələ də bir az Mercedesdən üstün olduğunu söylədiniz. Avstraliyada əla yarışdınız, ancaq sonrakı yarışlarda bir az çətinlik çəkdiyinizin şahidi olduq. Ferrari komandası üzərində üstünlük əldə etmək üçün təkmilləşdirmələrə ehtiyac varmı, yoxsa əlinizdə olanları dəyərləndirəcəksiniz?
LH: Performansı təkmilləşdirmək vacibdir. Məncə, daha çox bolidin hazırkı potensialını üzə çıxarmalıyıq. Avtstaliyada cümə günü yarışa uğurla başlamışdıq, getdikcə nəticəmizi daha da yaxşılaşdırdıq. Mövsümün sonrakı yarışlarında isə yarışa Ferraridən bir az geridə başlayırdıq və onları ötüb keçməkdə çətinlik çəkirdik. Hələ də ümumi performans cəhətdən onlardan geridəyik. Bu həftəsonu yarışlarına baxsaq, onlarda yerə sıxma qüvvəsinin bir az daha çox olduğunu və bu səbəbdən sürətlənmə düzlüyündə bir az yavaş, bütün döngələrdə isə daha sürətli olduğunu görərik. Bolidləri bu trekə çox uyğundur, bizim bolid isə Avstraliyada yaxşı yarışırdı. Məncə, Ferrari Avstraliyada bütün potensialını göstərməmişdi. Ən sürətli bolidə sahib olmadığımızdan və üzərində işləməli olduğumuz məsələlərdən agahıq. Hər kəs əlindən gələni edir, bütün gücümüzü sona qədər səfərbər etməliyik. Avstraliyada bolidi idarə etmək mənim üçün rahat idi, ancaq sonrakı yarışlarda xeyli çətinlik çəkdim. Səbəbini bilmirəm. Odur ki, bunun üzərində xeyli çalışmalıyam. 

Müəllif: Natiq NƏSİROV