Orxan Sadıqlı "Sumqayıt"da

ESTAFET/ "Keşlə"nin qapıçısı Orxan Sadıqlı karyerasını "Sumqayıt"da davam etdirəcək. Orxan Sport24.az-a müsahibəsinə keçidinin artıq tam həll olunduğunu bildirməklə başlayıb.

 

- Artıq sabahdan "Sumqayıt"dan məşqlərinə qatılacaq: Sağ olsun "Keşlə" rəhbərliyi, keçidimə şərait yaratdı. Onlara təşəkkür edirəm ki, oynamağım üşün şans yaratdılar.

 

- Təklif nə vaxt gəldi?

- Əslində, hələ yeni yığışdığımız zamanı "Sumqayıt"dan mənə təklif vardı. Ümumiyyətlə, həmin vaxt başqa 2 təklifim də vardı. Ancaq Avroliqa oyunlarımıza hazırlıq gedirdi və uyğun zaman deyildi. Onda "Keşlə"də qalmağa üstünlük verdim. Görürəm ki, "Sumqayıt"ın da qapıçıya ehtiyacı var, mənim də oynamağa. Hazırda ən real təklif "Sumqayıt"dan olduğundan onu seçdim. Oynamağım üçün ən yaxşı variant olduğuna görə dəyərləndirdim. "Sumqayıt" məni heyətində görməyi çox istədi, bizim rəhbərliklə danışdılar və ortaq məxrəcə gəldilər.

 

- "Sumqayıt"la anlaşmanın müddəti nə qədərdi? Səni birdəfəlik transfer ediblər, yoxsa..?

- Yox. Məni 6 aylığa icarəyə götürüblər. Yanvaradək "Sumqayıt"da oynayacam. Bundan sonra bəlkə bu klubda qaldım və ya ola bilsin, "Keşlə"yə qayıtdım. Hələ heç nə bilinmir. "Keşlə"ylə növbəti mövsümün sonunadək müqaviləm var.

 

- Keşlə"dən ayrılmağına əsas səbəb oyun praktikası sarıdan korluq çəkməyin idi və bu üzdən başqa kluba getməyə məcbur oldun. Hər halda, təcrübəli həmkarın, "Keşlə"nin və millimizin "1 nömrəs"si Kamran Ağayev olan yerdə daha çox ehtiyatda qalmalı olduğunu gözəl başa düşürdün...

- Bizim rəhbərlik də, baş məşqçimiz də mənə deyib ki, komandada 2 güclü qapıçının olmasını istəyirik. Çünki "Keşlə" hədəfləri olan klubdu, ardıcıl 2-ci il Avropa Liqasına çıxmağı, ölkə Kubokunu qazanmaq istəyir. Kamranı da başa düşürəm, milli komandanın əsas qapıçısıdı, o da oynamalıdı. Özüm də oynamaq istəyirəm. Burda Kamranla əsas heyətə düşmək uğrunda nə qədər mübarizə aparsaq da, nə qədər çalışsaq da, bilirdim ki, "Keşlə"də oynamaq şansım azdı. Çünki Kamran Ağayev, millimizin "1 nömrəs"si var. Mənim üçün şans yaranıb ki, gedib özümü sübut edim. İnşallah, həm "Sumqayt", həm də mənim üçün xeyirlisi olar. Həm də böyük hədəflərim var.

 

- Nədi bu böyük hədəflər?

- Əsas gedib oynamağımdı. "Keşlə"də də qala bilərdim, ancaq oynamalıyam ki, özümü inkişaf etdirim. Yaxşı komandalarda oynayaraq mükafatçı olmaq istəyirəm. Ancaq indiki məqamda əsas şərt oynamağımdı.

 

- Səncə, "Sumqayıt" mükafat qazanmaq baxımından "Keşlə"dən daha iddialı olacaq?

- "Keşlə"nin titul qazanmasının mümkünlüyünü ötən mövsümü sübuta yetirdik, Azərbaycan Kubokunun sahibi olduq. Yay fasiləsində həm bu komandada, həm də "Sumqayıt"da çox dəyişiklik baş verdi. Mövsüm yeni başlayıb,, indidən heç nə demək olmaz. Çempionatda nə istəsən, ola bilər, hər komanda daha güclüyə qalib gələ bilər. İnşallah, 4-5 tur keçəndəmn sonra artıq komandalar formalaşacaq və hərə gücünü göstərəcək.

 

- Hələ yay fasiləsi başlayandan "Sumqayıt"da qapıçı probleminin olması haqda çox danışılır. Necə hesab edirsən, ilk turda "Neftçi"yə 0:2 hesabıyla uduzduqları matç bunu təsdiqlədimi?

- Deməzim ki, problem var. Niyə ki? Məgər "Sumqayıt"ın qapıçısı yoxdu? Var. Mehdi Cənnətov ilk matçda komandasına kömək etdi. Sadəcə, hər komandada 3 qapıçı lazımdı. "Sumyqatıt"isə bu 2 nəfərdi. Onun da biri Süleyman Süleymanovdu, çox gəncdi, 1999-cu il təvəllüdlüdü.

 

- "Sumqayıt"a ötən mövsüm bitəndən sonra baş məşqçi təyin olunan Nazim Süleymanov haqda düşüncələrin necədi?

- Nazim müəllimi 2008-ci ildən tanıyıram. Onda "Bakı"nın əvəzedici komandasının baş məşqçisi idi. Mənimsə 14 yaşım vardı və "Xəzər Lənkəran"a gedənədək 1 ay "Bakı"da hazırlıq keçdim. Süleymanovun rəhbərliyi altında çalışmışam, təcrübəli mütəxəssisdi. İnanıram ki, birgə işbirliyimiz uğurlu olacaq. 

Müəllif: Natiq NƏSİROV