AZƏRBAYCAN GİMNASTİKA FEDERASİYASI

ESTAFET/ Federasiyanın tam adı "Azərbaycan Gimnastika Federasiyası" İctimai Birliyi, qısaldılmış adı isə AGF-dir. 1994-cü ildə rəsmi dövlət qeydiyyatından keçib və həmin il Beynəlxalq Gimnastika Federasiyasının (FIG) üzvü olub. 1996-cı ildən isə Avropa Gimnastika İttifaqının (UEG) tərkibinə daxil olub. AGF öz fəaliyyətində Olimpiya hərakatının prinsip, məqsəd və vəzifələrini qəbul edir, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi ilə sıx əməkdaşlıq edərək fəaliyyət göstərir. AGF Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və idman təşkilatları ilə əhalinin bədən tərbiyəsi və sağlam həyat tərzi sürməsinə kütləvi surətdə cəlb edilməsi, kadrların hazırlanması, yığma komandaların formalaşdırılması və onların beynəlxalq yarışlarda və təlim-məşq toplanışlarında iştirakı məsələləri ilə bağlı əməkdaşlıq edir. AGF öz səlahiyyətləri çərçivəsində xarici ölkələrin idman təşkilatları ilə beynəlxalq əlaqələri inkişaf etdirir və möhkəmləndirir. Hazırda AGF-nin tərkibinə Beynəlxalq Gimnastika Federasiyası tərəfindən tanınan 7 gimnastika növü daxildir:


1. Bədii gimnastika (Olimpiya növü)

2. Kişi idman gimnastikası (Olimpiya növü)

3. Qadın idman gimnastikası (Olimpiya növü)

4. Akrobatika gimnastikası (qeyri-Olimpiya növü)

5. Aerobika gimnastikası (qeyri-Olimpiya növü)

6. Gimnastika hamı üçün (qeyri-yarış növü)

7. Batut gimnastikası (batut üzərində fərdi çıxış Olimpiya növüdür)

 

AGF-in vəzifələri aşağıdakılardır:


  • Gimnastika növlərini inkişaf etdirmək və təbliğ etmək;
  • Öz səlahiyyətləri çərçivəsində gimnastika növləri üzrə milli yığma komandaları formalaşdırmaq və onların beynəlxalq yarışlarda iştirakını təmin etmək;
  • Yüksək səviyyəli idmançıların hazırlıq sistemini təkmilləşdirmək;
  • İdmançıların, məşqçilərin, bu sahədə çalışan digər mütəxəssislərin sosial müdafiəsi üçün şəraitin yaradılmasında iştirak etmək, gimnastika veteranlarının qayğısına qalmaq;
  • Beynəlxalq Gimnastika Federasiyası tərəfindən təsdiq olunmuş qaydalar nəzərə alınmaqla, gimnastika növləri üzrə normaları işləyib hazırlamaq;
  • İdmanda dopinqdən istifadəyə və (və ya) onun istifadə üsullarına, o cümlədən ayrı-seçkilik və zorakılığa qarşı mübarizə aparmaq;
  • Azərbaycan Respublikası Vahid İdman Təsnifatına daxil edilməsi məqsədilə gimnastika növləri üzrə norma və tələblər, həmçinin idman hakimlərinə olan müvafiq kateqoriyalar üzrə normaları işləyib hazırlamaq.

 

AGF uşaq-gənclər idmanının inkişafına, idman məktəblərinin, Olimpiya ehtiyatı məktəbləri və Olimpiya mərkəzlərinin fəaliyyətinə köməklik göstərir. AGF beynəlxalq idman təşkilatlarına üzv ola, Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan hüquq və vəzifələrə malik ola bilər.

AGF-nin ali idarəetmə orqanı Ümumi Yığıncağıdır. Ümumi Yığıncaqlar arası dövrdə federasiyanın fəaliyyətinə İcra Komitəsi rəhbərlik edir. Fiziki şəxslər olan İcra Komitəsinin üzvləri, Ümumi Yığıncaq tərəfindən beş il müddətinə seçilir. İcra Komitəsi həmçinin Ümumi Yığıncağa hesabat verir.

 

İcra Komitəsinin tərkibi:

  • AGF-nin Prezidenti - İcra Komitəsinin sədri
  • AGF-nin Vitse-prezidenti - İcra Komitəsinin sədr müavini
  • İcra Komitəsinin 3 üzvü

Federasiyanın Prezidenti (İcra Komitəsinin sədri) Azərbaycan Respublikasının qanunvericiliyi və AGF-nin Nizamnaməsindən irəli gələn səlahiyyətlərə müvafiq olaraq, İcra Komitəsinin iclaslarına rəhbərlik edir. 

 

AGF-nin 7 oktyabr 2002-ci il tarixli Təsis Konfransında Azərbaycanın birinci xanımı Mehriban Əliyeva federasiyasının prezidenti seçilib və hazırda da Federasiyaya rəhbərlik edir. 

 

Federasyanın ünvanı: 

Milli Gimnastika Arenası. H.Əliyev pr. 178. AZ1029, Bakı, Azərbaycan

 

Əlaqə vasitələri:

Tel.:  +99412 493 3011
Faks: +99412 493 9500
Email: info@agf.az

 

Mənbə: agf.az