Cavad Ağayev Olimpiya Oyunlarının bürünc medalını qazandı

ESTAFET/ Azərbaycan milli komandasının və “Qəbələ” İdman Klubunun taekvondoçusu Cavad Ağayev növbəti uğuruna imza atıb. Bu il dünya çempionu adını qazanan idmançımız Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında da fərqlənib.

 

63 kq çəki dərəcəsində çıxış edən Ağayev 1/8 finalda Cənubi Sudan təmsilçisi Stefan Atem ilə qarşılaşıb. Döyüşün gedişində afrikalı taekvondoçu diskvalifikasiya olunub. 1/4 finalda isə Cavadın rəqibi İran idmançısı Həmed Əsgəri Mahiabadi olub. İlk 2 hissədən sonra geridə olan taekvondoçumuz sonda 9:8 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. Ağayev finalın bir addımlığında Cənubi Koreya taekvondoçusu Ço Vun Hu ilə üz-üzə gəlib. Son saniyələrədək hesabda öndə olan Cavad xırda səhv üzündən 13:15 hesabı ilə məğlub olaraq Olimpiya Oyunlarının bürünc mükafatını qazanıb. 

Müəllif: Bəhruz MƏMMƏDOV