Yarımfinalçılar müəyyənləşdi - Azərbaycan Kuboku

ESTAFET/ Futbol üzrə Azərbaycan Kubokunda 2018/2019-cu illər mövsümünün yarımfinalçıları məlum olub. 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində iki matç 19 dekabrda baş tutdu.

Günün ilk qarşılaşmasında “Zirə” “Səbail”i məğlub edərək (3:2) iki oyunun nəticəsinə görə 4:2 hesabı ilə qalib gəldi. Qəsəbə təmsilçisi Topaz Premyer Liqasının qış fasiləsinə sonuncu pillədə yollansa da, ölkə kubokunda iddiasını davam etdirir. Digər qarşılaşmada “Sumqayıt” doğma meydanda “Neftçi”ni qəbul etdi. Bakıdakı ilk oyunda 2-0 qalib gələn “gənclik şəhəri”nin komandası “Kapital Bank Arena”da minimal hesabla məğlubiyyətə baxmayaraq, növbəti mərhələyə adladı. “Sumqayıt” ötən il olduğu kimi, bu dəfə də qış çempionunu kubokdan kənarlaşdırmağı bacardı.

1/4 final mərhələsinin son iki görüşü 20 dekabrda keçirildi. İlk olaraq “Sabah” “Əlincə Arena”da “Qəbələ”ni qəbul etdi. Ötən ilin finalçısı ev oyununda olduğu kimi 1-0 hesablı qələbə qazanaraq həm oyunda, həm də ümumi hesabda rəqibini üstələdi. Sonuncu yarımfinalçının adına “ASK Arena”da aydınlıq gəldi. Birinci qarşılaşmada “Keşlə”ni 1-0 hesabı ilə məğlub edən “Qarabağ” cavab görüşündə sülhlə razılaşdı və “Qəbələ”yə rəqib oldu.

Azərbaycan Kubokunun 23 aprel-1 may tarixdə keçiriləcək yarımfinal qarşılaşmalarında “Qəbələ” “Qarabağ”la, “Sumqayıt” isə “Zirə” ilə görüşəcək. 

Müəllif: Estafet.az