Rəhbər marşalların görüşü keçirilib

ESTAFET/ Artıq 4-cü ildir ki, Formula 1 üzrə Azərbaycan Qran Prisinə hazırlıq gedir. Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti bu gün yarışın vacib və əvəzolunmaz tərkib hissəsi olan rəhbər marşalların görüşünü təşkil etmişdir.

"Boulvard Hotel"də baş tutan görüşdə ötən ilin yekun nəticələri, fevral ayının əvvəlində 1300 nəfərə yaxın marşal üçün start verilmiş təlimlərin plana uyğun olaraq yerinə yetirilməsi, 2019 Formula 1 mövsümü üçün reqlanmentdə baş vermiş dəyişikliklərin nəzərdən keçirilməsi, yarış həftəsi prosedurunun icrası planı və ümumilikdə Formula 1 Azərbaycan Qran Prisinin gələcəkdə daha da mükəmməl keçməsi predmeti müzakirə olunub. Tədbirdə 100 nəfər rəhbər marşal iştirak edirdi. Qeyd etmək istərdik ki, 2016-cı ildə təlimlər xarici rəhbər marşallar tərəfindən keçirildiyi halda, 2017-ci ildən etibarən bu təlimlər yerli rəhbər marşallar tərəfindən keçirilir.

Keçmiş mövsümün yekun nəticələrinə əsasən rəhbər marşalların təklif və rəyləri müzakirə olunduqdan sonra idarə heyəti tərəfindən müvafiq qərarlar qəbul edilib. 3 il ərzində marşallar üçün yaradılan təlim və kommunikasiya sistemi, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İdarə Heyətini ilə marşallar arasında mövcud olan əlaqə onların bu idman növünə olan marağı və bağlılığını daha da artırır. Onu da vurğulamaq lazımdır ki, bu sahədə atılan uğurlu addımlar nəticəsində hər il marşal kimi fəaliyyət göstərmək istəyənlərin sayı durmadan artır. Ötən il 1603 nəfər marşal olmaq istəyən şəxs qeydə alınmışdısa, bu il bu rəqəm artaraq 2445 nəfər təşkil etmişdir. 

Müəllif: Natiq NƏSİROV