Boksçularımızdan 15 medal

ESTAFET/ Paytaxtımızda keçirilən Boks üzrə “Böyük İpək Yolu” beynəlxalq turnirinə yekun vurulub. Azərbaycan boksçuları ilə yanaşı, Rusiya, Qazaxıstan, Özbəkistan, Mərakeş, İraq, Türkiyə, Türkmənistan və Gürcüstan millilərinin qatıldıqları ənənəvi yarışda 117 idmançı gücünü yoxlayıb.

Komandamız turnirdə 4 qızıl, 3 gümüş və 8 bürünc medal qazanıb. Yığmamızın heyətində Məsud Yusifzadə, Tayfur Əliyev, Kamran Şahsuvarlı və Rauf Rəhimov bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Yalnız finalda uduzan Amin Kuşkov, Alfonso Dominqes və Rahil Məmmədli gümüş medala yiyələniblər. Digər boksçularımızdan Elvin Məmişzadə, Qoşqar Səfərli, Ruslan Rüstəmov, Cavid Çələbiyev, Fərid Ağamoğlanov, Cəbrayıl Yelekov, İsmayıl Yaqubov və Sadiq Səmədov “Böyük İpək Yolu”nu 3-cü pillədə bitiriblər.

Bu nəticə ilə millimiz komanda hesabında birinci yeri tutub. Yarışda ikinci pillə Özbəkistana qismət olub. Asiyalılar “Böyük İpək Yolu”nda 8 medal (3-2-3) qazanıblar. İlk “üçlüy”ü Qazaxıstan qapayıb. Bu komanda da Bakıda 8 medala (1-5-2) sahib olub. Lakin mükafatın əyarında özbəklərdan geri qalıblar.

Mükafatlandırma mərasimində Azərbaycan Boks Federasiyasının I vitse-prezidenti Ağacan Abıyevə Özbəkistan Boks Federasiyası xüsusi hədiyyəsi təqdim olunub.

Qeyd edək ki, Kamran Şahsuvarlı yarışın ən texnikalı boksçusu kimi təltif edilib.

Finallar
49 kq. Şalkar Ayxinbay (Qazaxıstan) – Nodirjon Mirzəhmedov (Özbəkistan)  5:0
52 kq. Məsud Yusifzadə (Azərbaycan) – Oljas Bayniyazov (Qazaxıstan)  3:2
56 kq. Tayfur Əliyev (Azərbaycan) – Orazbek Assilkulov (Qazaxıstan)  5:0
60 kq. Mohamed Hamut (Mərakeş) – Şukurjon Rəhimov (Özbəkistan)  5:0
64 kq. Alişa Şərifov (Rusiya) – Sabirxan Bekbergenov (Qazaxıstan)  4:0
69 kq. İkboljon Xoldarov (Özbəkistan) – Maulen Oskenbek (Qazaxıstan)  3:2
75 kq. Kamran Şahsuvarlı (Azərbaycan) – Amin Kuşkov (Azərbaycan)  5:0
81 kq. Rauf Rəhimov (Azərbaycan) – Alfonso Dominqes (Azərbaycan)  5:0
91 kq. Madiyar Saydrəhmanov (Özbəkistan) – Rahil Məmmədli (Azərbaycan)  3:2
+91 kq. Obidjon Toxirov (Özbəkistan) – Danila Semenov (Qazaxıstan)  5:0 

Müəllif: Natiq NƏSİROV