Bakıda keçiriləcək Qran-Pridə iştirak edəcək para-cüdoçularımız məlum olub

ESTAFET/ Bakıda gözdən əlil cüdoçular arasında keçiriləcək Qran-prinin Təşkilat Komitəsinin (TK) iclası keçirilib.

Milli Paralimpiya Komitəsindən (MPK) verilən məlumata görə, toplantıda mayın 13-də start götürəcək yarışla bağlı bir sıra məsələlərə aydınlıq gətirilib.

MPK prezidenti və TK sədri İlqar Rəhimov bildirib ki, artıq Qran-pridə iştirak edəcək ölkələrin və idmançıların dəqiq sayı müəyyənləşib. İki gün davam edəcək yarışda 36 ölkədən 280 idmançı iştirak edəcək. Nümayəndələrin sayı isə idmançılarla birlikdə 375 nəfər olacaq.

İ.Rəhimov Azərbaycan milli komandasının heyətinin də müəyyənləşdiyini bildirib. Onun sözlərinə görə, kişilərin yarışında 7 çəki dərəcəsi üzrə 13 para-cüdoçu - Murad Əliyev (60kq), Vüqar Şirinli (60 kq), Namiq Abbaslı (66 kq), Bayram Mustafayev (66 kq), Ramil Qasımov (73 kq), Zaməddin Poladov (73 kq), Murad Həziyev (81 kq), Hüseyn Rəhimli (81 kq), Ramin Əliyev (90 kq), Rövşən Səfərov (90 kq), Kənan Abdullaxanlı (100 kq), Kamil Ağayev (100 kq) və İlham Zəkiyev (+100 kq) çıxış edəcək.

Qadınların yarışında isə 6 çəki dərəcəsində 10 idmançı - Gülnar Gereyeva (48 kq), Şahanə Hacıyeva (48 kq), Səbinə Abdullayeva (52 kq), Bəsti Səfərova (52 kq), Afaq Sultanova (57 kq), Sevda Vəliyeva (57 kq), Xanım Hüseynova (63 kq), Zülfiyyə Hüseynova (70 kq), Xatirə İsmiyeva və Dürsədəf Kərimova (hər ikisi +70 kq) mübarizə aparacaq.

Bakı Qran-Prisinə Rusiya, ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, İran, İtaliya, İspaniya, Kanada və Çin kimi böyük ölkələrdən idmançılar gələcək. Azərbaycan, ABŞ, Rusiya, İran, Türkiyə, Ukrayna, Braziliya, Əlcəzair, Yaponiya və Özbəkistan isə yarışa ən böyük nümayəndə heyəti ilə qatılacaq.

Müəllif: Natiq NƏSİROV