“Azəryol” həlledici görüşdə əsas rəqibini üstələdi

ESTAFET/ Qadın həndbolçuların Azərbaycan çempionatında 18-ci tur da arxada qalıb. ABU Arenada keçirilən “Azəryol” – “Azərsu” görüşü həlledici xarakter daşıyıb. Bu turadək 3 dəfə qarşılaşan rəqiblərin görüşlərində 2 dəfə “Azərsu”, 1 dəfə isə “Azəryol” qalib gəlmişdi. Bu baxımdan sayca 4-cü oyun məsələyə aydınlıq gətirməli idi. Prinsipial qarşılaşmada 30:25 hesabı ilə qələbə çalan “Azəryol” rəqibi ümumi hesabda 4 top fərqi ilə üstələyib. Belə ki, son turda yüksək ehtimalla “İdman Akademiyası”na da qalib gələcək “Azəryol”u artıq indidən çempionluq münasibəti ilə təbrik etmək olar. Sensasiya baş verməsə, martın sonlarında Azərbaycan kubokunu da başı üzərinə qaldıran “Azəryol” üçün bu mövsüm “qızıl dubl”la yadda qalacaq.

18-ci turun digər oyununda “Gənclər Birliyi” “İdman Akademiyası” komandasına 28:35 hesabı ilə uduzub.

Qeyd edək ki, 20 turdan ibarət Azərbaycan çempionatına aprelin 27-də yekun vurulacaq. 

Müəllif: Natiq NƏSİROV