“Bakı Şəhərinin Sədaları” adlı gecə əyləncə proqramı təşkil olunacaq

ESTAFET/ Bu il 26-28 aprel tarixlərinə təsadüf edən yarış həftəsonunun hər bir gecəsində keçiriləcək əyləncə proqramı dünyaca məşhur DJ-lərin iştirakı ilə gec saatlaradək davam edəcək.

Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətindən verilən xəbərə görə, 2019 Formula 1 Azərbaycan Qran Prisinin keçiriləcəyi yarış həftəsonunda dünyaca məşhur DJ-lərin çıxışı ilə gec saatlaradək “Bakı Şəhərinin Sədaları” (Baku City Sounds) adlı gecə əyləncə proqramı təşkil ediləcək.  

Azərbaycan Hava Yollarının (AZAL) və “Silk Way” Şirkətlər Qrupunun dəstəyi ilə 26-28 aprel tarixlərində “Elektra Events Hall”-da baş tutacaq gecə əyləncə proqramında Ciqan, Mahmut Orhan, Robin Şultz və “Lost Frequencies” kimi məşhur DJ-lər iştirak edəcəklər. Bundan başqa, DJ Mendoza məkanın daimi sakini kimi yarış həftəsonu ərzində hər gecə öz çıxışı ilə dinləyicilərə unudulmaz anlar yaşadacaq.
Yarış həftəsonu ərzində Azərbaycan Qran Prisi çərçivəsində Kristal Zalda keçiriləcək axşam konsertlərindən dərhal sonra baş tutacaq DJ performansları üçün “Elektra Events Hall”-a giriş saat 23:00-da başlayacaq. Gecə əyləncə proqramı üçün biletlərin gündəlik qiyməti 55 AZN təşkil edir və arzuedənlər biletləri www.iticket.az saytından və ya şəhərin müxtəlif nöqtələrində yerləşən bilet satış məntəqələrindən əldə edə bilərlər. 2019 Formula 1 Azərbaycan Qran Prisinə bileti olan şəxslər də sözügedən gecə əyləncə proqramı üçün ayrılıqda bilet satın almalıdırlar.

Yarış həftəsonunun gecə əyləncə proqramına 26 aprel tarixində start veriləcək və ilk olaraq səhnəyə "Qızıl Qramafon" və "İlin mahnısı" mükafatlarına layiq görülmüş rusiyalı məşhur pop-hip-hop ifaçısı Ciqan çıxacaq.

2015-ci ilin mayında 3-cü musiqi albomunu çıxaran tanınmış rep ifaçısı «Любить больше нечем» (Lyubit bolşe neçem) və «Время похудеть» (Vremya poxudet) kimi hit mahnıları da məhz bu albomda yer alıb.

Bir ildən sonra “DZHIGA” adlı 4-cü albomunu çıxaran Ciqanın yenidən iki mahnısı - Jah Khalib ilə birgə ifa etdiyi «Мелодия» (Melodiya) və Basta ilə birlikdə səsləndirdiyi «До последнего вздоха» (Do posledneqo vzdoxa) – hitə çevrilib.

Ciqan 2017-ci ilin aprelində sonradan onlayn hitə çevrilən «Дни и ночи» (Dni i noçi) sinqlını çıxarıb və ölkə üzrə ən çox dinlənilən rep ifaçısı olub. Bundan sonra çıxardığı eyniadlı albomu bir ay içində platin musiqi sertifikatına layiq görülüb. Həmin ilin sentyabrında «Больше чем жизнь» (Bolşe çem jizn) mahnısını çıxaran Ciqan sinql üçün həyat yoldaşı Oksana Samoylova ilə birlikdə klip çəkib.

Məşhur DJ 2018-ci ilin fevralında hip-hop ifaçısı Artem Kaçer ilə birgə ifa etdiyi «ДНК» (DNK) mahnısına çəkilən klipə rejissorluq edib. Baxış sayı bir həftə ərzində 10 milyonu keçən video ölkə üzrə keçirilən hit-paradlarla yanaşı “Apple Music”, “iTunes Boom” və “VK” siyahılarında ilk pilləyə yerləşib.
Son olaraq, Ciqan 2018-ci ildə Muz TV kanalının keçirdiyi “Transformation” mükafatına layiq görülüb.
Ciqanın çıxışından sonra səhnəyə Mahmut Orhan çıxacaq. “Deep house” və “indie dance” musiqi janrları ilə yanaşı məxsus olduğu mədəniyyətin dünyəvi elementlərini öz yaradıcılığında birləşdirən Mahmut Orhan dövrümüzün ən perspektivli DJ-lərindən biri sayılır. 2016-cı ildə çıxardığı və baxış sayı 350 milyona çatan “Feel” mahnısı ilə məşhurlaşan DJ-in 2018-ci ildə buraxdığı “6 Days” mahnısı “Youtube” və “Spotify”-da ümumilikdə 150 milyon dəfə yayımlanıb. Mahnıları “iTunes”-un “Dance” və “Global” adlı siyahılarında 20-dən çox ölkədə ilk 20-likdə qərarlaşıb. Uğurları bununla bitməyən Mahmut Orhan “Shazam” tətbiqində bütün dünya üzrə 25-ci yerə yüksəlib.

Şənbə günü - 27 aprel tarixində “Elektra Events Hall”-un səhnəsində dünyaca məşhur DJ Robin Şultz öz məharətini göstərəcək. Əvvəlcə öz ölkəsində məşhurlaşan alman əsilli DJ artıq beynəlxalq səviyyəli meqastara çevrilib. DJ-liklə yanaşı prodüserliklə də məşğul olan Şultz hələ 30 yaşında Almaniyanın son 20 ildə ən uğurlu ifaçısı olduğunu sübut edib. Aşağı Saksoniya vilayətində kiçik klublarda DJ-liyə başlayan musiqiçini indi bütün dünya tanıyır.

Onun 2014-cü ildə qızıl və platin musiqi sertifikatlarına layiq görülən “Prayer In C” (Lilly Wood və The Prick ilə birgə ifa etdiyi) adlı sinqlı “iTunes” üzrə 40 ölkədə 1-ci sıraya yerləşib və 17 ölkədə ölkə səviyyəsində keçirilən paradlarda ən çox dinlənilən mahnılardan birinə çevrilib. Ümumilikdə 92 ölkədə “iTunes” siyahılarının ilk sıralarında yerləşən həmin meqahit 68 ölkədə ən çox dinlənilən 25 mahnıdan biri olub. Ancaq , DJ-in uğurları bununla bitmir. Belə ki, Şultz eyni zamanda “Shazam” tətbiqində dünya üzrə 1-ci yeri tutan ilk alman ifaçı olub. Bundan sonra, rəsmi olaraq, 2014-cü ilin yay aylarının hit mahnısı adına layiq görülən “Prayer In C” beynəlxalq səviyyədə ən çox uğur qazanmış ilk alman istehsalı mahnıdır. Şultzun Almaniyada artıq qızıl sertifikata layiq görülmüş ən son albomu “SUGAR” milyonlarla satışa nail olan “Headlights” (İlsey ilə birgə ifa etdiyi), “Sugar” (Françesko Yeyts ilə birgə ifa etdiyi) və “Heatwave” (Akon ilə birgə ifa etdiyi) sinqllarını özündə cəmləşdirib. Hal-hazırda, ilk iki albomunun və müxtəlif sinqllarının satışı 7 milyona çatan Robin Şultzun ifaları ümumilikdə 2,5 milyard dəfə izlənilib.

Yarış həftəsonunun gecə əyləncəsinin son ulduzu “Lost Frequencies” ləqəbi ilə tanınan Feliks De Laet olacaq. 2014-cü ildə bütün dünyada hitə çevrilən və satışı milyonları keçən “Are You With Me” mahnısı ilə məşhurlaşan DJ Feliks 18 ölkədə 1-ci yeri tutur. O daha sonra Britaniyanın ”DJ MAG” jurnalının keçirdiyi sorğuda iştirak etdiyi ilk ildəcə (2017) 26-cı yeri tutaraq sürətlə yüksələn istedadlı ifaçılardan biri kimi özünü sübut edib. Gənc DJ növbəti il həmin sorğuda 17-ci yerə yüksəlib.

Səhnədə fərqli çıxışları ilə özünü göstərən DJ Feliks 2018-ci ildə 1 milyarddan çox izlənilib. Major Lazer, Justin Bieber və MØ-un ifasında “Cold Water”, Miley Cyrus-un ifasında “Malibu” və LSD Labrinth / Diplo / Sia-nın ifasında “Thunderclouds” mahnılarının tropik ab-havada remikslərini hazırlayan DJ Feliks elektronik musiqi janrında özünəməxsus tərzilə yaratdığı musiqilərini hitə çevirməyə davam edir.

BŞH-nin Kommersiya şöbəsinin rəhbəri Bülent Özerdim “Bakı Şəhərinin Sədaları” adlı gecə əyləncə proqramının yaradılması ilə bağlı məmnuniyyətini bildirib: “Böyük məmnuniyyətlə bildirmək istərdik ki, Formula 1 yarışının keçirildiyi həftəsonunda təklif etdiyimiz saysız əyləncə proqramları arasında, əsas konsertlərdən sonra gecə gec saatlaradək davam edəcək “Bakı Şəhərinin Sədaları” adlı proqram da yer alacaq. Səhnəsində “dance” musiqi janrının ən tanınmış və innovativ simalarını görəcəyimiz “Elektra Events Hall” yarış həftəsonu ərzində sözün əsl mənasında bütün gecə davam edəcək əyləncə proqramına evsahibliyi edəcək. Fürsətdən istifadə edərək, hər birinizi 26-28 aprel tarixlərində “Elektra Events Hall”-da baş tutacaq bu möhtəşəm tədbir üçün indidən bilet əldə etməyə çağırıram!”
 

Müəllif: Natiq NƏSİROV