7-ci “Zirvə Oyunları”nın karate yarışları keçiriləcək

ESTAFET/ 5-28 may tarixlərində Xırdalan və Astara şəhərlərində yerləşən AAAF Park Yaşayış, İstirahət və Əyləncə Komplekslərində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş, uşaqlar arasında 7-ci “Zirvə Oyunları” keçiriləcək. Yarışlarda 23 idman növündə mindən çox idmançı uşaq qüvvəsini sınayacaq.

Builki yarışlarda idmançılar ağır atletika, atçılıq, basketbol, boks, cüdo, futbol və çimərlik futbolu, bədii və idman gimnastikası, güləş (sərbəst, yunan-roma), karate, kartinq, kikboksinq, şahmat, taekvondo, tennis, üzgüçülük, çimərlik voleybolu və voleybol, badminton, atletika növlərində medal mübarizəsinə qoşulacaqlar.

“Zirvə” Beynəlxalq İdman Klublarının təşkilatçılığı ilə keçirilən bu Oyunları böyük ənənə halını almaqdadır. “Zirvə Oyunları”nın keçirilməsində məqsəd dahi liderin irsinin yaşadılması, onun ölkəmiz üçün etdiyi işlərin gələcək nəsillərə çatdırılması, eyni zamanda, idman növlərinin yerlərdə təbliği və inkişafı, idmançılar və məşqçilər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi,yarış vərdişlərinin mükəmməlləşdirilməsi, məşqçi-müəllimlərin işlərinin qiymətləndirilməsidir.

Yarışların təşkilinə “Zirvə” İnternational Sport Clubs MMC rəhbərlik edir. Yarışların keçirilməsi idman növləri üzrə fəaliyyət göstərən hakimlər heyətinə həvalə olunur. Yarışlarda hər yaş qrupunda və çəkidə I-II-III yerləri tutan idmançılar və komandalar “Zirvə” İnternational Sport Clubs MMC-nin medal və diplomları ilə mükafatlandırılacaqlar.

7-ci “Zirvə Oyunları”-nın karate yarışları 12 mayda keçiriləcək. Turnirdə 5-13 yaşlı oğlanlar iştirak edəcəklər. 

Müəllif: Orxan NOVRUZOV