“Tour of Mersin” başa çatdı

ESTAFET/ Türkiyədə Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Mersin” yarışına yekun vurulub. 4 mərhələdən ibarət veloturda idmançılarımızdan ən yüksək nəticəyə yığma komandamızın lideri Elçin Əsədov imza atıb.

118,6 km-lik 1-ci mərhələdə finişi 13-cü keçən Elçin 192 km-dən ibarət 2-ci yarış günündə marşrutu 25 nəfərlik lider qrupda başa vurub və fotofinişə əsasən 13-cü olub. 70 km-lik 3-cü mərhələdə 18-ci olan təmsilçimiz sonuncu gün 116 km-i 13-cü sırada tamamlayıb və ümumi təsnifatda 11-ci yeri tutub.

Qeyd edək ki, veloturda ölkəmiz Elçin Əsədov, Kərim Şirəliyev, Əli Qurbanov, Mikayıl Səfərli və Mahmud Məmmədovdan ibarət yığma komanda ilə təmsil olunub. Bundan başqa, Elit yığmamızın digər üzvü Samir Cəbrayılov Belarusun “Minsk” klubunun heyətində “Tour of Mersin”də çıxış edib.

Mayın 2-5-də yığma üzvlərimiz Türkiyədə təşkil olunacaq daha bir 4 günlük yarışda – 2.2 kateqoriyalı Mesopotamiya Turunda iştirak edəcəklər. 

Müəllif: Məsim MƏSİMZADƏ