Daha 2 boksçumuz Rusiyada beynəlxalq turnirə qələbə ilə başlayıb

ESTAFET/ Rusiyada kişi boksçular arasında “Sankt-Peterburq qubernatorunun kuboku” davam edir.

10-cu dəfə keçirilən ənənəvi beynəlxalq turnirin ikinci günündə Azərbaycan millisinin 5 idmançısı rinqə çıxıb.

Təmsilçilərimizdən 75 kq çəki dərəcəsində mübarizə aparan Kamran Şahsuvarlı meksikalı Ektor Martineslə üz-üzə gəlib. Olimpiya mükafatçımız gərgin keçən döyüşdə 3:2 (29:28, 30:27, 29:28, 28:29, 28:29) hesabı ilə qələbə qazanıb və 1/4 finalda iştirak hüququ qazanıb.

91 kq çəkidə gücünü yoxlayan Rahil Məmmədli də 1/8 final döyüşünü qələbə ilə bitirib. O, moldovalı Andrey Zaplitnini 5:0 (30:27, 30:26, 30:26, 30:27, 30:27) hesabı ilə məğlub edib.

Digər 3 boksçumuz ev sahibləri ilə döyüşüb. Rüfət Hüseynov (49 kq) Amintaza Bekişevə, Tayfur Əliyev (56 kq) Maksim Çernişova, Elnur Süleymanov (64 kq) isə Maqomed Murtazaliyevə uduzaraq, yarışla vidalaşıb.

Qeyd edək ki, yarışın üçüncü günündə 4 təmsilçimiz qüvvəsini sınayacaq. 

Müəllif: Natiq NƏSİROV