2-ci Avropa Oyunlarına gimnastika növləri üzrə test turniri keçirilib

ESTAFET/ Bu həftəsonu 2-ci Avropa Oyunlarına ev sahibliyi edəcək Belarusun paytaxtı Minskdə sözügedən oyunlara gimnastika növləri üzrə test turniri keçirilib.

Minsk Arenada baş tutan yarışlarda Azərbaycanın aerobika və akrobatika üzrə milli komandalarının üzvləri də öz güclərini sınayıblar. Yalnız Belarus və Azərbaycan gimnastlarının yer aldığı aerobika yarışlarında təmsilçilərimiz öz proqramlarını uğurla başa vurublar. Belə ki, İmran İmranov və Mədinə Mustafayeva qarışıq cütlüklərin çıxışında gümüş medal qazanıblar. 1-ci və 3-cü yerlərdə isə ev sahibi gimnastlar qərarlaşıb. Qrup komandalarının mübarizəsində isə gimnastlarımız Balaxanım Əhmədova, Mədinə Mustafayeva, İmran imranov, Nərminə Hüseynova və Vladimir Dolmatov birinciliyi əldən verməyərək, qızıl medala sahibləniblər.

Akrobatika üzrə yarışlarda isə Rusiya, Belarus, Polşa, Niderland və Azərbaycan gimnastları iştirak ediblər və idmançılarımız test turnirini 3 medalla başa vurublar. Dünən yekunlaşan final mərhələlərində gimnastlarımız Ruhidil Qurbanlı və Abdulla Əl-Məşayxi cütlüyü çıxış etdikləri bütün proqramlarda gümüş medal qazanıblar. Fəxri kürsünün 1-ci pilləsində Belarus, 3-cü pilləsində isə Rusiya gimnastları qərarlaşıblar.

Xatırladaq ki, 2019-cu ilin 21-30 iyun tarixlərində baş tutacaq 2-ci Avropa Oyunları çərçivəsində, gimnastika yarışlarında ölkəmiz bədii gimnastika, akrobatika, batut və idman gimnastikası üzrə təmsil olunacaq. 

Müəllif: Bəhruz MƏMMƏDOV