"Qəbələ" kuboku azarkeşlərinə təqdim etdi - FOTOLAR

ESTAFET/ "Qəbələ" sahib olduğu Azərbaycan Kubokunu doğma məkanda azarkeşlərinə bayram tədbiri ilə təqdim edib. Qəbələ şəhər stadionunda baş tutan mərasimi giriş sözü ilə açan Qəbələ rayon icra hakimiyyətinin başçısının birinci müavini Abil Ağasəfov klubun tarixi haqqında geniş məlumat verib.

Daha sonra səhnəyə "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov və komanda üzvləri azarkeşlərin alqış sədaları altında çıxıblar. Klub rəhbərliyi və futbolçular meydana daxil olaraq, kubok sevincini azarkeşlərlə bölüşüblər. Sonda Roza Zərgərli və Pərviz Bülbülənin iştirak ilə konsert proqramı təşkil edilib.

Qeyd edək ki "Qəbələ" mayın 19-da Naxçıvandakı finalda "Sumqayıt"ı 1:0 hesab ilə məğlub edərək ölkə Kubokuna və bununla da tarixində ilk titula sahib olub. 

 

Müəllif: Bəhruz MƏMMƏDOV