"Azerbaijan International 2019" turnirinə start verilib

ESTAFET/ Bu gün “Azerbaijan International 2019” turnirinə start verilib. Bakı İdman Sarayında keçirilən yarışın ilk günündə şəxsi kişilər və qadınlar, qoşa kişilər və qarışıq-qoşa kateqoriyalarında təsnifat mərhələsinə start verilib.

Badmintonçularımızdan Orxan Qələndərov təsnifat mərhələsində keçirdiyi ilk görüşdə Malta təmsilçisi Metyu Abelaya 2:0 (21-14,21-13) hesabı ilə qalib gəlib. Orxan təsnifat mərhələsində növbəti görüşünü iranlı Soruş İsgəndəri Vətənijata qarşı keçirib 0:2(13-21,16-21). Digər badmintonçumuz Ezmi Qovimuramadhoni isə ilk görüşündə İran təmsilçisi Əlirza Kərəmi üzərində 2:0 (21-13,21-17 ) qələbə qazanıb. Kişilərin şəxsi kateqoriyasında təsnifat mərhələsində yarışan badmintonçularımızdan Cahid Əlhəsənov avstraliyalı Entoni Coyeyə 0:2 (9-21,15-21) hesabı ilə uduzub. Səbuhi Hüseynov isə hindistanlı Kevin Arokia Valterə 0:2 (5-21,11-21) hesabı ilə məğlub olub. Vaqif İsmayılov Slovakiya təmsilçisi Milan Dratvaya 0:2 (11-21,3-21),Rəvan Niftəliyev isə Almaniya idmançısı Aleksander Rooversə 0:2 (5-21,6-21) hesabı ilə uduzub. Daha iki kişi badmintonçumuz Zaur İsazadə və Aqil Qəbilov da ilk görüşündə məğlub olub. Zaur İsazadə İran badmintonçusu Mehran Şahbaziyə 0:2 (10-21,9-21), Aqil Qəbilov isə ukraynalı Qlib Beketova 0:2 (19-21,13-21) hesabı ilə uduzub.

Qadın badmintonçuların şəxsi yarışında Adilə Mehtiyeva İran təmsilçisi Soraya Ağayihacıağa 0:2 (2-21,6-21) hesabı ilə uduzub. Nigar Əliyeva isə rusiyalı Kseniya Yevgenovaya 0:2 (10-21,9-21) hesabı ilə məğlub olub.

Kişi badmintonçuların qoşa yarışında Adəm Əliyev-Vaqif İsmayılov cütü türkiyəli Murathan Eken-Tunco Mert tandeminə 0:2 (8-21,10-21) hesabı ilə uduzub. Qarışıq-qoşa yarışlarında Cahid Əlhəsənov-Nigar Əliyeva cütü Türkiyə idmançıları Semih Baha Basakın-Ece Sare Basakın tandeminə 0:2 (8-21,10-21) hesabı ilə uduzub.

Xatırladaq ki, “Azerbaijan International 2019” turniri iyunun 9-na kimi davam edəcək. Ümumi mükfat fondu 25 min ABŞ dolları olan turnirdə39 ölkədən 248 badmintonçu mübarizə aparır.”Azerbaijan International 2019” turnirinin final oyunları İctimai Televiziya vasitəsilə canlı yayımlanacaq. 

Müəllif: Məsim MƏSİMZADƏ