"Bu mənim ilk böyük uğurumdur": Anna Başta

ESTAFET/ Bolqarıstanın Plovdiv şəhərində keçirilən 23 yaşadək qılıncoynadanların Avropa çempionatında iştirak edən idmançılarımız vətənə qayıdıblar.

23 yaşadək qılıncoynadanların Avropa çempionatında qızıl medal qazanmaqla müstəqillik tariximizdə ilk dəfə analoji yarışda çempion olan sablya üzrə milli komandamızın üzvü Anna Başta Heydər Əliyev beynəlxalq hava limanında böyük coşqu ilə qarşılanıb. Anna jurnalistlərə müsahibəsində tarixi zəfərindən danışıb: “Təbii ki, çox şadam. Bu mənim ilk böyük uğurumdur. Bu cür qarşılanma mərasimi də çox xoşdur.Final döyüşüm çətin alındı. Döyüşün gedişində qələbəyə daha yaxın olduğumu hiss edirdim. Görüşün sonlarında bir qədər üstünlüyü əldən verdim.Hətta italiyalı rəqibimin hesabı bərabərləşdirmək şansı da var idi. Lakin sonda hər şey mənim üçün yaxşı qurtardı.”

Ardınca milli komandamızın baş məşqçisi Çingiz Mustafayev də tarixi uğurla bağlı fikirlərini bölüşüb: “Turnirdən öncə də uğurlu nəticəyə ümid edirdik. Arxayınlaşmaq olmaz. Artıq olimpiya təsnifat mərhələsinə start verilib. Qarşıdakı aylarda bizi böyüklər arasında dünya və Avropa çempionatı gözləyir. Hazırlığımız plan üzrə gedir. Bir qədər bəxt də bizim tərəfimizdə olsa, hər şey yaxşı olacaq.”

Azərbaycan Qılıncoynatma Federasiyasının baş katibi Vasif Məmmədov isə bu uğurun kollektiv əməyin sayəsində mümkün olduğunu bildirdi: “Böyük və məsulliyətli yolun başlanğıcındayıq.Gələcəkdə qələbələrimiz daha çox olacaq. Düşünürəm ki, yaxşı komandamız formalaşıb. Azərbaycan Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsinə bizə dəstək olduqları üçün təşəkkür edirəm. Təbii ki, bu uğurun qazanılmasında federasiyamızın hər bir üzvünün əməyi var.Bu çempionluq kollektiv əməyin nəticəsidir. Bir daha hamıya təşəkkür edirəm”

Xatırladaq ki, Bolqarıstanın Plovdiv şəhərində keçirilən 23 yaşadək qılıncoynadanların Avropa çempionatında 2 idmançı ilə təmsil olunmuşuq. Qadın sablyaçıların yarışında Anna Başta finalda İtaliya təmsilçisi Lusia Lukarini üzərində 15:12 hesablı qələbə qazanıb. Qrup mərhələsini 3 qələbə ilə başa vurmaqla pley-offa yüksələn,dünya birinciliyinin bürünc mükafatçısı Ruslan Həsənov isə 1/32 finalda ispan Eugeni Gavaldaya 14:15 hesabı ilə uduzub. 

Müəllif: Natiq NƏSİROV