Badmintonçumuzun qrupdakı görüşləri müəyyənləşib: Minsk 2019

ESTAFET/ Minskdə keçirilən II Avropa Oyunlarında badminton idman növü üzrə ölkəmizi təmsil edəcək Ezmi Qovimuramadhoninin qrup mərhələsində keçirəcəyi görüşlərin ardıcıllığı müəyyənləşib.

“G” qrupunda yarışacaq badmintonçumuz ilk turda Rumıniya idmançısı Kollins Valentin Filimonla üz-üzə gələcək. Qarşılaşma iyunun 24-də oynanılacaq. Oyunun planlaşdırılan başlama saatı Bakı vaxtı ilə 17:00-dır. Ezmi qrup mərhələsinin ikinci turu çərçivəsində növbəti görüşünü iyunun 25-də lüksemburqlu Robert Manna qarşı keçirəcək. Görüşün Bakı vaxtı ilə saat 20:00-da başlaması planlaşdırılır. Ezminin bu mərhələdə son oyunu iyunun 26-da qrupun reytinq favoriti Rusiya idmançısı Vladimir Malkovla olacaq. Oyunun planlaşdırılan başlama saatı Bakı vaxtı ilə saat 14:00-dır.

Turnirin reqlamentinə əsasən qrup mərhələsində ilk 2 yeri tutan badmintonçu 1/8 final mərhələsinə vəsiqə qazanacaq. “Minsk 2019”da badminton üzrə yarışlar 24-30 iyun tarixlərini əhatə edəcək. Oyunlar Minskin 2016-cı ildən istifadəyə verilən “Falcon club” arenasında baş tutacaq. Kişilərin şəxsi kateqoriyasında ümumilikdə 32 badmintonçu II Avropa Oyunlarının medalları uğrunda mübarizə aparacaq. 

Müəllif: Natiq NƏSİROV