Sotomayor Avropa Oyunlarının medalını təmin etdi

ESTAFET/ Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında boks yarışlarında 1/4 final döyüşləri davam edir. Azərbaycan yığmasının boksçusu Lorenzo Sotomayor da yarımfinal üçün döyüşə çıxıb.

69 kq çəki dərəcəsində çıxış edən Olimpiya mükafatçısı kosovolu Patriot Behramini sınağa çəkib. O, rəqibinə 5:0 hesabı ilə qalib gələrək, 1/2 finalda iştirak hüququ qazanıb. Boksçumuz bununla da özü üçün II Avropa Oyunlarının ən azı bürünc medalını təmin edib.

2015-ci ildə Bakıda keçirilən I Avropa Oyunlarının qalibi olan təmsilçimiz yarımfinalda Pat Makkormakla (Böyük Britaniya) görüşəcək. L.Sotomayorun növbəti döyüşü iyunun 28-də baş tutacaq.

Qeyd edək ki, bu gün daha iki boksçumuz 1/4 finalda qüvvəsini sınayacaq. Cavid Çələbiyev (60 kq) və Alfonso Dominqes (81 kq) yarımfinala vəsiqə və mükafatın təmin olunması üçün mübarizə aparacaq. 

Müəllif: Bəhruz MƏMMƏDOV