“Qarabağ”ın pley-offdakı potensial rəqibləri

ESTAFET/ “Qarabağ”ın futbol üzrə UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki potensial rəqibləri bəlli olub. Ağdamlılar 3-cü təsnifat mərhələsində APOEL (Kipr) səddini keçsə, püşkatmada “Slaviya” (Çexiya), “Yanq Boyz” (İsveçrə) və “Maribor” (Sloveniya) – “Rusenborq” (Norveç) cütünün qalibi ilə birgə səpələnməmişlər səbətində yer alacaq.

“Qarabağ” Çempionlar yolunda səpələnmişlər səbətində qərarlaşan 8 komandadan biri ilə qarşılaşacaq. Ağdam təmsilçisi ÇFR (Kluj, Rumıniya) – “Seltik” (Şotlandiya), PAOK (Yunanıstan) – “Ayaks” (Hollandiya), ”Dinamo” (Zaqreb, Xorvatiya) – “Ferentsvaroş” (Macarstan) və “Srvena Zvezda” (Serbiya) – “Kopenhagen” (Danimarka) cütlərinin qalibi ilə düşə bilər.

Pley-off mərhələsinin püşkatma mərasimi avqustun 5-də, İsveçrənin Nyon şəhərində keçiriləcək.

“Qarabağ” Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində APOEL-lə avqustun 6-da səfərdə, 13-də Bakıda qarşılaşacaq. 

Müəllif: Orxan NOVRUZOV