"Çempionatı milliyə görə təşkil edirik": Ramin Musayev

ESTAFET/ Xəbər verdiyimiz kimi, bu gün AFFA-nın inzibati binasında futbol üzrə Azərbaycan Premyer Liqasının 2019/2020-ci illər mövsümünün püşkatma mərasimi keçirilib. Mərasimdə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev jurnalistlərin suallarına cavablandırdı:

 

“Qəbələ”nin əvəzediciləri diviziona buraxmayacağı deyilir, buna görə cərimələnəcəklər? I Divizionda komanda sayı dəqiqləşib?

- Bəli, iştirak etməkdən imtina ediblər və 100.000 manat cərimələnəcəklər. Əvəzedicilərini diviziona buraxan klublara AFFA tərəfindən 50.000 manat ayrılacaq. Növbəti mövsüm I Divizionda 13 komanda iştirak edəcək və 22-23 avqust tarixdə start götürəcək.

Bu il I Divizionun daha tez başlaması nə ilə əlaqədardır?

- Sentyabrın əvvəlində millinin oyunları ilə əlaqədar təqvim belə qurulub. Etiraf edək ki, çempionatı milliyə görə təşkil edirik. Buna görə də, çempionatı milliyə uyğunlaşdırmağımızı normal hesab edirəm.

Gələn il çempionatda komandaların sayı ilə bağlı yenilik gözlənilir?

- AFFA İcraiyyə komitəsində bununla bağlı müzakirələr aparılıb, gələn mövsümdən Premyer Liqada 10 komanda mübarizə aparacaq.

Sizə elə gəlmir ki, bu yerdə qalan 8 komandaya Premyer Liqanı tərk etməyəcəklərinə zəmanət kimi görünür?

- Bütün komandalarımız avrokuboklar uğrunda mübarizə aparır. Heç kim təminat verə bilməz ki, gələn mövsüm 1 komanda çempionatı tərk edib, 3 komanda gəlməyəcək. Hər şey komandaların bizə müraciətindən asılıdır.

 

Qeyd edək ki, Premyer Liqada 2019/2020-ci illər mövsümünün ilk turu 16-18 avqust tarixlərində baş tutacaq. 

Müəllif: Natiq NƏSİROV