“Neftçi”də 15-ci, Premyer Liqada 10-cu

ESTAFET/ “Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudov yubiley qoluna imza atıb. Azərbaycan Premyer Liqasının III turunun “Sumqayıt”la görüşündə (2:1) hesabı bərabərləşdirən futbolçu üçün bu top ikiqat önəm daşıyıb. Mahmudov Azərbaycan çempionatında 10-cu qolunu vurub. Buna 51-ci matçında nail olan Emin bütün matçlarını bir komandada – “Neftçi”də keçirib. “Ağ-qaralar”ın kapitanının paytaxt təmsilçisindəki ümumi qol sayı 15-ə çatıb. Premyer Liqadakı 10 qoldan başqa avrokuboklarda 4, Azərbaycan kubokunda 1 dəfə fərqlənən Mahmudov 63-cü qarşılaşmada 15-ə çatıb.

“Neftçi”yə “Sumqayıt” üzərində çətin qələbə qazandıran qola imza atan Stiven Monroz da yubiley qeyd edib. Fransalı legioner Premyer Liqada 50-ci oyununu keçirib. “Neftçi”yədək “Qəbələ”də çıxış edən Monroz 47 matça əyalət təmsilçisində, 3 oyuna indiki klubunda çıxıb. 

Müəllif: Natiq NƏSİROV