Bədii gimnastlarımız Belçikadan qızıl medallarla qayıdır

ESTAFET/ 31 oktyabr – 3 noyabr tarixlərində Belçikanın Gent şəhərində bədii gimnastika üzrə ənənəvi “Happy Cup” adlı beynəlxalq turnir keçirilib.

Bu turnirdə ölkəmizi Fatimə Əkbərova, Gövhər İbrahimova, Kamilla Seyidzadə, Mədinə Dəmirova, Kamilla Əliyeva, Alina Gözəlova və Məryəm Əliyeva təmsil edib.

Gimnastlarımız arasında ən yaxşı nəticəni gənclər yaş qrupunda mübarizə aparan Alina Gözəlova sərgiləyib. Belə ki, topla final çıxışına görə hakimlərdən 17.250 xal alan gimnast, bu alət üzrə yarışın qalibi olub. Çoxnövçülükdə isə Alina 6-cı yerdə qərarlaşıb. Gənclər yaş qrupunda yarışan digər gimnastımız Kamilla Əliyeva isə çoxnövçülükdə 8-ci yeri tutub.

Növbəti qızıl medalların sahibi 2009-cü il təvəllüdlü gimastların yarışında çıxış edən Gövhər İbrahimova olub. O, həm çöxnövçülükdə, həm də iplə kompozisiyasına görə qızıl medal qazanıb. Bu yaş qrupunda yarışan Məryəm Əliyeva isə çoxnövçülükdə 6-cı yeri tutub.

Kamilla Seyidzadə komandanın hesabına növbəti qızıl medalı yazdırıb. O, 2007-ci il təvəllüdlü gimastlar arasında fərqlənərək, həm çoxnövçülük, həm də topla fəxri kürsünün 1-ci pilləsinə yüksəlib. Bu yaş qrupunda çıxış edən digər gimnast Mədinə çoxnövçülükdə 12-ci olub.

Böyüklər arasında yarışan Fatimə Əkbərova çöxnövçülük yarışlarında 6-cı olub. 

Müəllif: Orxan NOVRUZOV