“Qarabağ” liderliyini davam etdirir

ESTAFET/ Qadın həndbolçuların Azərbaycan çempionatında IV turun görüşləri olub. “ABU Arena”da keçirilən yarışın növbəti oyun günündə əvvəlcə “Azəryol” və “Azərsu” komandaları üz-üzə gəliblər. Gərgin mübarizə ilə yadda qalan oyunda nominal ev sahibinin imkanları yüksək qiymətləndirilirdi. Son ölkə çempionu ona bəslənən etimadı doğruldub. Qarşılaşma “Azəryol”un qələbəsi ilə nəticələnib – 33:28.

Günün digər matçında “Qarabağ”ın qələbəsi şübhə doğurmurdu. Keçirdiyi bütün oyunlarda məğlub olan “İdman Akademiyası” komandası növbəti uğursuzluqdan da yaxa qurtara bilməyib. Daha inamlı oyun nümayiş etdirən “Qarabağ” 51:27 hesablı qələbə ilə liderlik mövqeyini möhkəmlədib.

Hazırda bu komandanın aktivində 8 xal var. “Azəryol” 6 xalla ikinci, “Azərsu” 2 xalla 3-cüdür. Autsayder “İdman Akademiyası” nın aktivində xal yoxdur.

Noyabrın 13-də keçiriləcək 5-ci turun oyunlarında “Qarabağ” “Azəryol”la, “Azərsu” isə “İdman Akademiyası” ilə qarşılaşacaq.

Müəllif: Orxan NOVRUZOV