Azərbaycan kubokunda ilk günün qalibləri bəlli oldu

ESTAFET/ Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında keçirilən ağır atletika üzrə Azərbaycan Kubokunda ilk yarış gününə yekun vurulub. Kişilərdən körpücük üzərinə ilk olaraq çəkisi 49 və 55 kq-a qədər olan atletlər çıxıb. 

Müvafiq olaraq toplam 120 kq (58+62) nəticə göstərən Sahil Miriyev və 202 kq (92+110) nəticə göstərən Əvəz Tağıyev öz çəkilərində qızıl medala sahib çıxıblar.

Növbəti qaliblər çəkisi 61 kq-a qədər olan atletlər arasında müəyyən edilib. Toplam 237 kq (107+130) nəticə ilə Elşən Məmmədov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Sonrakı yerləri müvafiq olaraq toplam 230 kq (105+125) nəticə ilə Tehran Məmmədov və 184 kq (84+100) nəticə ilə Elvin Şükürzadə tutublar.

Çəkisi 67 kq-a qədər olan atletlər mübarizə də maraqlı alınıb. Toplam 260 kq (118+142) nəticə göstərən Elməddin Hüseynov kubokun qalibi adına layiq görülüb. Onun ən yaxın izləyicisi Ömər Cavadov toplam 252  kq (117+135) nəticə ilə gümüş medala, toplam 243 kq (108+135) nəticə ilə isə Fuad Həsənov bürünc medala sahib çıxıb.

Körpücük üzərinə son olaraq çəkisi 73 kq-a qədər olan atletlər çıxıblar. Toplam 283 kq (122+161) nəticə göstərən Elşad Şərifov Azərbaycan Kubokunun sahibi adını qazanıb. Gümüş medalı yetərincə yaxşı nəticə – 273 kq (120+153) göstərən gənc Rüstəm Qasımov əldə edib. Bürünc medal isə toplam 272 kq (124+148) nəticə göstərən Paşa İbrahimliyə qismət olub.

Müəllif: Bəhruz MƏMMƏDOV