AGF yenidən ən yaxşı seçildi

ESTAFET/ Azərbaycan Gimnastika Federasiyası (AGF) Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən “Mükafatlandırılan Federasiyaların" siyahısında yenidən birinci olub.

2019-cu ilin nəticələrinə əsasən AGF bir daha digər federasiyalardan fərqlənərək birinciliyi əldən verməyib. Ötən il federasiya tərəfindən gimnastikanın 3 növü üzrə Dünya Kuboku, bədii gimnastika üzrə Dünya Çempionatı, FIG Akademiyasının kişi idman, batut və aerobika gimnastikası üzrə məşqçilik kursları, beynəlxalq yarışlar və digər tədbirlərin yüksək səviyyədə təşkili, həmçinin FIG-nin tanıdığı gimnastikanın 7 yarış növü üzrə yarışlarda intizamlı şəkildə qeydiyyatdan keçərək, aktiv iştirakı FIG tərəfindən bu dəfə də yüksək dəyərləndirilib.

Özündə 148 federasiyanı birləşdirən FIG-in reytinq siyahısında Azərbaycan Gimnastika Federasiyası stabil olaraq 2014, 2015 və 2016-cı illərdə 10 ən güclü federasiyaların sırasında, 2017 və 2018-ci illərdə isə ilk pillədə qərarlaşıb. 

Müəllif: Bəhruz MƏMMƏDOV