Bu mərhələ azarkeşlərlə keçirilə bilər - Formula 1

ESTAFET/ Koronavirus pandemiyası üzündən hələ start götürməyən, lakin ilk mərhələlərinin tamaşaçısız keçirilməsi planlaşdırılan Formula 1 üzrə dünya çempionatının nə vaxt tribunaların qapısını aça biləcəyi mümkün tarix bəlli olub. Rusiya Qran-Prisi tamaşaçılar qarşısında keçiriləcək ilk mərhələ ola bilər.

Bunu “Rusiya yürüşləri”nin baş direktoru Aleksey Titov açıqlayıb. O bildirib ki, yarışın öncədən nəzərdə tutulduğu kimi sentyabrın 27-də baş tutması planlaşdırılır. Titov Soçidəki mərhələnin tamaşaçılar önündə təşkil oluna biləcəyini də vurğulayıb.

Rusiyalı qurum rəsmisi təqvimə də toxunub: “Təqvimlə bağlı bütün yazılan ehtimallar Formula 2 və Formula 3 komandalarının düşüncələridir. Formula 1 də isə yalnız bir şey dəqiqdir. Avstriyadakı yarışlar iyulun 5-də və 12-də keçiriləcək. Bu iki mərhələdən sonra barədə detallı anlayış yoxdur”.

Müəllif: Natiq NƏSİROV