Velosiped idmanı

ESTAFET/ Tədqiqatlar göstərib ki, həftədə velosipedlə 30 kilometr yol qət etməklə ürək xəstəliklərinin yaranma riskini 50% azaltmaq mümkündür. Velosiped sürmək ürək-damar sisteminin durumunu xeyli yaxşılaşdırır. Bu gəzinti zamanı müxtəlif qrup əzələlər işləyir və bu, yalnız ürəyə deyil, digər orqanların fəaliyyətinə də müsbət təsir göstərir.

Velosiped sürməklə artıq çəkidən də asanlıqla xilas olmaq mümkündür. 1 saat velosiped sürən şəxs təxminən 300 kilokalori atır. Hər gün yarım saat velosiped sürmək ilə 11 kiloqram piyi əritməyə imkan verir.
Bir çox ölkələrdə velosiped həm də əlverişli nəqliyyat vasitəsi kimi istifadə edilir. İnsanların rahatlığı üçün getdikcə cürbəcür velosipedlər icad olunur. Elə kiçik velosipedlər var ki, onlar minik avtomobilinin yük yerinə yerləşir. Açılıb bükülən velosipedlər də var. Onları cəmi bir neçə dəqiqə ərzində iki hissəyə ayırmaq və yenidən birləşdirmək mümkündür. Belə velosipedlər əsasən şəhər əhalisi üçün əlverişlidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin idmana diqqət və qayğısının nəticəsi olaraq ölkədə Azərbaycan Velosiped İdmanı Federasiyası yaradılıb.
Federasiya üzərinə ölkəmizdə velosiped idmanının inkişaf etdirilməsi və velosipedçi idmançılarımızın Olimpiadaya, eləcə də digər mötəbər beynəlxalq yarışlara hazırlaşdırılması kimi öhdəliklər götürüb.
Bu federasiya yarandığı ilk gündən ölkəmizdə velosiped idmanı ilə məşğul olan məktəb və klubları dəstəkləyib, belə idman məktəblərinin regionlarda da açılmasını qarşıya məqsəd qoyub.

Hazırda ölkəmizdə velosiped idmanı Respublika Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped İdmanı Məktəbində, “Neftçi” İdman-Sağlamlıq Mərkəzində, Sumqayıt Velosiped İdman Klubunda, 8 saylı İdman Olimpiya Məktəbində, “Lokomotiv” İdman Cəmiyyətində, “Sərhədçi” İdman Olimpiya Mərkəzində, İsmayıllı və Oğuz rayonlarında inkişaf etdirilir. Azərbaycan Velosiped İdmanı Federasiyası ölkəmizdə fəaliyyət göstərən velosiped idmanı məktəblərinə və klublarına daim dəstək göstərir, idmançılarımızın ölkəmizi beynəlxalq yarışlarda təmsil etmələri üçün konkret layihələr və tədbirlər həyata keçirir.
Bundan əlavə, ölkəmizdə, xüsusilə də gənclər arasında velosiped idman növünün kütləviləşdirilməsi, həmçinin onların sağlam ruhda tərbiyə olunması Azərbaycan Velosiped İdmanı Federasiyasının fəaliyyətinin prioritet istiqamətlərindəndir.

Velosiped idmanı bir neçə növlərə bölünür, aşağıdakı növləri isə daha məşhurdur.

Şosse
Şossedə velosiped sürmə, velosiped sürmənin ən geniş yayılmış formasıdır. Bura əyləndirici, yarış və praktiki daşınma üçün nəzərdə tutulmuş velosipedlər daxildir. Şossedə velosiped sürənlər digər maşın sürənlər və motosikletçilər kimi eyni qaydalara və qanunlara riayət etməlidirlər və nəqliyyat velosipedçisi sayıla bilərlər.

Trek
Trek yürüşləri adətən trek velosipedlərindən istifadə olunmaqla xüsusi olaraq inşa olunmuş enişli treklərdə və ya velodromlarda (lakin bir çox yarışlar trek virajının nisbətən dayaz olduğu köhnə velodromlarda keçirilir) keçirilən velosiped yarışlarıdır.

Mountenbayk
Mountenbayk idman növü öz üzərində qaya və uçurumların, sıldırımlı enişlərin, palçıqlı cığırların və digər nahamar yolların qət edilməsi kimi ekstremal xüsusiyyətləri birləşdirir. Bu səbəbdən də adıçəkilən fəaliyyət növü adətən dağ velosiped yürüşləri və ya Mountenbayk adlanır. Bu velosipedlər sıldırım qayalıqlardan, yəni maneəli nahamar yollardan keçə bilməsi üçün davamlı olmalıdırlar. Dağ velosipedlərinin təkərləri amortizasiya və dərə-təpəliklərdə yaxşı işləyə bilməsi üçün adətən böyük və qabarıq şinlərdən ibarət olur. 1990-cı ilin ortalarında ön təkərlərin asılması norma kimi qəbul olunsa da, 1990-cı ilin sonlarında ön və arxa təkərlərin asılması artıq ümumi qayda hesab olunurdu. Yoxuşları qalxarkən əlavə ling gücü təmin edə bilməsi üçün, bəzi dağ velosipedlərinin sükanında tir ucluqlar da yerləşdirilib.

BMX
Velosiped motokrosu və ya BMX- start xəttindən istifadə edən və maneələri olan cığırlarda motokrosstilində yarışan velosipedlərlə bağlı idman növüdür.

Ölkəmizdə velosiped nəqliyyat vasitəsi kimi qəbul olunmur.
Bakıda velosiped sürənlərin çoxalması yaxın zamanlarda paytaxt yollarında velosiped zolaqlarının salınacağına ümidləri artırır. “Azəryolservis” ASC-nin Bakının mərkəzi hissələrində velosiped yollarının salınmasına dair planları var. Velosiped yolları olarsa, bəzi vətəndaşlar məmnuniyyətlə, səhərlər işə basabas avtobuslarla, yaxud metro ilə deyil, velosipedlə gedə bilərlər.
Azərbaycanda velosiped hələ ki, nəqliyyat vasitəsi kimi qəbul olunmur. Bütün velosiped sürənlərə idmançı kimi baxırlar. Yolların kənarında avtomobil saxlanan yerdə velosiped saxlayarkən isə avtomobillərin sürücüləri gəlib siqnal verir, sürücülər artıq qəbul eləməlidirlər ki velosiped də nəqliyyat vasitəsidir, o da yolda hərəkət edə bilər və park edə bilər.

Yeri gəlmişkən, IDEA İctimai Birliyi və Azərbaycan Velosiped İdmanı Federasiyası Bakı şəhərində velosipeddən istifadəni təşviq etmək məqsədilə bu il Bakının bir neçə nöqtəsində “IDEA velosiped dayanacağı” (IDEA Bycile Stand) quraşdırıb.
Hələliksə velosipedçilərimizə yolların kənarı ilə, ehtiyatla hərəkət etməyi, sürücülərimizə isə velosipedcilərimizə anlayış göstərmələrini tövsiyə edirik.

Əli Fərzəliyev

Müəllif: Əli FƏRZƏLİYEV