Elvin Məmmədovun yeni klubu bəlli oldu

ESTAFET/ "Sumqayıt" növbəti keçidini açıqlayıb. Klubun mətbuat xidmətinin məlumatına görə, Elvin Məmmədov karyerasını "kimyaçılar"da davam etdirəcək.

Ötən mövsümün gedişində "Zirə"dən ayrılan 32 yaşlı yarımmüdafiəçi "gənclik şəhəri" təmsilçisi ilə 1 illik müqavilə bağlayıb. O, "Zirə"dən gələn digər oyunçu Tellur Mütəllimovdan sonra yay fasiləsində "Sumqayıt"a keçən ikinci futbolçu olub.

2018/19 mövsümündə "Sumqayıt"da oynamış (15 oyun, 2 qol) Elvin Məmmədov "Zirə" (50 oyun 5 qol) ilə yanaşı, “Turan” (47 oyun, 3 qol), “İnter” (52 oyun, 5 qol), “Qarabağ” (70 oyun, 3 qol), “Bakı” (73 oyun, 3 qol) və “Qəbələ”nin (11 oyun, 2 qol) də formasını geyinib. 2008-ci ildə ilk dəfə əsas milliyə dəvət alan Elvin yığmamızın heyətində 37 qarşılaşmada 7 qola imza atıb.

Qeyd edək ki, 2019/20 mövsümünü Premyer Liqada 4-cü pillədə bitirən "Sumqayıt" Avropa Liqasında ölkəmizi təmsil edəcək. (apasport.az)

Müəllif: Bəhruz MƏMMƏDOV