“Qalatasaray” yeni transferini Bakıya niyə gətirmir

ESTAFET/ Futbol üzrə Avropa Liqasının II təsnifat mərhələsində “Neftçi”nin qonağı olacaq “Qalatasaray” bir neçə futbolçusunu Bakıya gətirməyəcək.

Onlardan biri, ümumiyyətlə, sifariş olunmayıb. Söhbət “Rizəspor”dan yenicə heyətə cəlb olunan Oğulcan Çağlayandan gedir. Rizə klubu 24 yaşlı hücumçu ilə müqaviləni təktərəfli uzatmasına baxmayaraq, sözləşməni pozmaq hüququndan yararlanan forvard Türkiyə Futbol Federasiyasında “Qalatasaray”ın oyunçusu kimi hələlik rəsmən təsdiqlənməyib. Bunu nəzərə alan İstanbul təmsilçisi təzminatla bağlı problem yaşamamaq üçün onun xidmətindən heç bir matça yararlanmır.

Super Liqanın I turunda “Qaziantep”lə (3:1) görüşdə iştirak etməyən futbolçu “Neftçi” ilə qarşılaşmanı da buraxmalı olacaq.

Qeyd edək ki, sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Neftçi” – “Qalatasaray” oyunu saat 20:00-da başlayacaq.

Müəllif: Orxan NOVRUZOV