Nəriman Abbasov növbəti döyüşünə çıxır

ESTAFET/ Azərbaycanın və "Qəbələ” İdman Klubunun MMA döyüşçüsü Nəriman Abbasov növbəti görüşünü keçirəcək. İdmançımız Rusiyanın paytaxtı Moskvada təşkil olunacaq "AMC Fight Night100” döyüş gecəsində iştirak edəcək.

Aprelin 10-da baş tutacaq qarşılaşmada Abbasovun rəqibi Rusiya təmsilçisi Şamil Amirov olacaq.

Yüngül çəki dərəcəsində (70,3 kq) çempion kəmərinin sahibi olan Abbasov titulunu qorumaq üçün mübarizə aparacaq. "Lujniki"dəki görüş Abbasovun 29-cu sınağı olacaq. O, indiyədək keçirdiyi 28 döyüşdən 25-də qalib gəlib. Döyüşçü son 10 görüşdən də üstün ayrılıb.

Qeyd edək ki, Nəriman Abbasov ötən ilin sentyabrındakı son sınağında gürcüstanlı Mixail Qoqitidzeni məğlubiyyətə uğradıb.

Müəllif: Natiq NƏSİROV