Kuman UEFA-nı tənqid etdi

ESTAFET/ “Barselona”nın baş məşqçisi Ronald Kuman Avropa Superliqasının yaranmadan fəaliyyətini dayandırmasından sonra UEFA-nı tənqid edib.

Niderlandlı mütəxəssis qitə futbol qurumunu istədiyi kimi qərarlar verməkdə günahlandırıb.

Kuman oyun sayının çox sıx olmasından şikayətlənib: “Hər kəs Superliqadan, yenilənmiş Çempionlar Liqasından və ya Avropa üçün başqa bir yoldan danışır. UEFA çox danışır, amma matçların sayı barədə heç nə etmir, futbol adamlarını, məşqçiləri və ya futbolçuları dinləmir. UEFA üçün pul daha vacibdir. Futbolun gələcəyi barədə düşünmək yaxşıdır, amma əvvəlcə oyunçuları qorumaq lazımdır”.

Qeyd edək ki, bu mövsüm İspaniya Kral Kubokunu qazanan “Barselona” La Liqada çempionluq uğrunda mübarizəni davam etdirir.

Müəllif: Natiq NƏSİROV