Yığmamızdan ikinci oyunda asan qələbə

ESTAFET/ Kişi voleybolçulardan ibarət Azərbaycan yığması bu gün növbəti oyununu keçirib. Millimiz AVRO-2021-in seçmə mərhələsinin II turunda Gürcüstanla qarşılaşıb.

F qrupunda mübarizə aparan baş məşqçi əvəzi Pərviz Səmədovun yetirmələri I dövrənin ev sahibi üzərində asan qələbə qazanıb. Yığmamız qrupun autsayderini üç setdə məğlubiyyətə uğradıb.

İlk turda Monteneqroya 1:3 hesabi ilə uduzan komandamız bununla da aktivinə ilk xalları yazıb. Millimiz ilk dövrənin son turunda qrupun lideri Yunanıstanla qarşılaşacaq.

Qeyd edək ki, seçmə mərhələnin 7 qrupunda 1-ci yeri tutan komandalar, həmçinin ikinci yer sahiblərindən ən yaxşı nəticəyə malik 5 yığma dörd ölkədə təşkil olunacaq AVRO-2021-ə yüksələcək. 

AVRO-2021-in seçmə mərhələsi
F qrupu
II tur, 8 may 2021
18:30. Azərbaycan – Gürcüstan – 3:0 (25:20, 25:22, 25:15)
Hakimlər: Erdal Akıncı (Türkiyə), Vladimir Oleynik (Rusiya)
Tbilisi. Yeni Voleybol Arenası

Müəllif: Bəhruz MƏMMƏDOV