“Qardaş Azərbaycanla dostca oyun izlədik” - Türk nazir

ESTAFET/ “Bu gün qardaş Azərbaycanla dostca oyun izlədik”. Bunu Türkiyənin idman naziri Mehmet Muarrem Kasapoğlu deyib.

Alanyada Türkiyə ilə Azərbaycan milliləri arasında keçirilən yoldaşlıq görüşünü tribunadan izləyən nazir matçdan sonra təəssüratlarını bölüşüb: “Komandamız Antalyada toplanışını davam etdirir. Düşərgədə gözəl atmosfer, inam var. Millimiz bizi Avropa çempionatında qürurla təmsil edəcək. AFFA prezidenti Rövnəq Abdullayev də bu gün bizimlə birlikdə idi. Ona da təşəkkür edirik. Azərbaycan – Türkiyə qardaşlığı əbədi davam edəcək”.

Qeyd edək ki, qarşılaşma yığmamızın 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Müəllif: Orxan NOVRUZOV