Cüdo yığmamızdan yeni rekordlar

ESTAFET/ Cüdo üzrə Azərbaycan millisi tarixinin rekordlarına imza atıb. Yığmamız Tokio-2020 Yay Olimpiya Oyunlarına 9 idmançı ilə qatılacaq.

Bu, tarixin mütləq rekordudur. İndiyədək Azərbaycan ən yaxşı halda 8 cüdoçu ilə Olimpiadaya yollanıb.

Həmin rekord 2012-ci ildə qeydə alınıb. 9 il sonrakı turnirdə isə təmsilçilərimizin sayı 9-a çatıb.

Kişilərdən ibarət milli Tokioda 7 çəki dərəcəsində - tam heyətlə çıxış edəcək. Bu da cüdo tariximizin mütləq rekordudur. Son iki Olimpiadada – 2012-ci və 2016-cı illərdə bu rəqəm 6-ya bərabər olub.

5 il əvvəl Rioya qadın cüdoçumuz getməmişdisə, bu dəfə iki zərif cins nümayəndəsi “Gündoğar ölkə”yə üz tutacaq. Xanım idmançılarımız Olimpiya tatamisinə dönməklə 2012-ci ildəki rekordu təkrarlayıb.

Azərbaycan cüdoçuları Olimpiya Oyunlarında

1996 – 2 iştirakçı (1 kişi+1 qadın)
2000 – 4 (3+1)
2004 – 3 (3+0)
2008 – 6 (5+1)
2012 – 8 (6+2)
2016 – 6 (6+0)
2020 – 9 (7+2)

Tokioya yollanacaq heyətdə Olimpiya debütantları çoxluq təşkil edir. 3 kişi və 2 qadın cüdoçumuz - Kəramət Hüseynov (60 kq), Murad Fətiyev (81 kq), Zelim Kotsoyev (100 kq), Aişə Qurbanlı (48 kq), İrina Kindzerska (+78 kq) ilk dəfə ölkəmizi bu mötəbər yarışda təmsil edəcək.

Orxan Səfərov (66 kq), Məmmədəli Mehdiyev (90 kq) və Uşanqi Kokauri (+100 kq) isə Rioda qazana bilmədikləri nəticəni bu dəfə əldə etməyə çalışacaq. Hər üç idmançı ikinci dəfə Olimpiada həyəcanı yaşayacaq.

5 il öncə gümüş medala yiyələnən Rüstəm Orucov (73 kq) isə Azərbaycan rekorduna şərik çıxacaq. O, üç Olimpiya Oyunlarında iştirak edən ikinci cüdoçumuz olacaq. Bunadək yalnız Mehman Əzizov (81 kq) bunu bacarıb. Hazırda əsas komandamızda məşqçi kimi fəaliyyət göstərən mütəxəssis 2000-ci, 2004-cü və 2008-ci illərdə multiidman yarışına qatılıb. Rüstəm isə 2012-ci, 2016-cı illərdə qatıldığı yarışa 3-cü dəfə yollanacaq.

Müəllif: Natiq NƏSİROV