Premyer Liqanın 94 illik rekord qırıldı

ESTAFET/ Futbol üzrə İngiltərə Premyer Liqasının XIV turunda keçirilən Mersisayd derbisində bir neçə rekord qeydə alınıb.

“Liverpul” səfərdə “Everton”u 4:1 hesabı ilə məğlub edərək, 39 ildən sonra ilki həyata keçirib.

“Qırmızılar” 1982-ci ildən bəri birinci dəfə ölkə çempionatında əzəli rəqibinə səfərdə 4 qol vura bilib. 39 il əvvəlki matçda “Liverpul” 5:0 hesablı qələbə qazanıb.

Bundan başqa, “Liverpul” ardıcıl 18 oyunda ən azı iki qol vuran ilk komanda kimi İngiltərə tarixinə düşüb. Buna qədər rekordçu 1927-ci ildə ardıcıl 17 görüşdə iki və daha çox qol vuran “Sanderlend” olub. Yurgen Kloppun yetirmələrinin uğurlu seriyası sentyabrın 12-də “Lids”lə səfər qarşılaşmasında başlayıb və həmin vaxtdan bəri rəqib qapılarından 57 top keçirib.

Həmçinin mersisaydlılar ardıcıl 14 səfər görüşündə minimum 2 dəfə rəqibi mərkəzə dəvət etməklə “Preston”a məxsus 1988/89 mövsümündəki rekordu qırıb.

Dünənki görüşdə 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalan kapitan Cordan Henderson isə sarğının keçmiş sahibi Stiven Cerrarddan sonra bunu bacaran ikinci oyunçu olub. Cerrard 2005-ci ilin dekabrında “Qudison Park”da “Everton”la matçda eyni performansı göstərmişdi.

Qeyd edək ki, “Liverpul” hazırda Premyer Liqada 31 xalla 3-cü pillədə qərarlaşır.

Müəllif: Natiq NƏSİROV