CÜDOÇULARIN UĞURU KOMANDA YARIŞLARINDA DA DAVAM ETDİ
ESTAFET/ Heydər Əliyev adına İdman Sarayında təşkil olunan cüdo yarışlarının sonuncu günündə komanda yarışları keçirilib. Azərbaycanın həm kişi, həm də qadınlardan ibarət komandaları uğurla çıxış edib.
Kişilərdən ibarət milli komandamız Qırğızıstan və Türkiyə təmsilçilərinə qalib gələrək yarımfinala yüksəlib. Cüdoçularımız bu mərhələdə Özbəkistan yığması üzərində 4:1 hesabı ilə inamlı qələbə qazanıb və finala vəsiqəni təmin edib. Həlledici final qarşılaşmasında Əlcəzair millisi ilə üz-üzə gələn komandamız güclü rəqibi üzərində 3:2 hesabı ilə qələbə qazanaraq IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalına sahib olub.
Kişilərdən ibarət yığmalar arasında birinci, ikinci və üçüncü yeri tutmuş komandalara mükafatlar Azərbaycan Respublikasının dövlət başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev tərəfindən təqdim olunub.
Qadınlardan ibarət millimiz də finala vəsiqə qazanıb. Özbəkistan komandasını 3:2 hesabı ilə məğlub edən xanım cüdoçularımız finala yüksəliblər. Burada qardaş Türkiyə millisinə məğlub olan komandamız İslamiadanın gümüş medalına layiq görülüb.