TAEKVONDOÇULAR 1 QIZIL VƏ 1 GÜMÜŞLƏ BAŞLADILAR: BAKI 2017

ESTAFET/ Bu gün Bakı 2017 IV İslam Həmrəyliyi Oyunlarında taekvondo yarışlarına start verilib. Bakı İdman sarayında keçirilən yarışların ilk günündə dayanq üzərinə qadınlarda 46, 53 və 57 kq, kişilərdə isə 54 və 58 kq çəki dərəcəsində mübarizə aparan taekvondoçular çıxıblar.

 

Azərbaycan qadınlarda 46 və 53 kq çəki dərəcəsində təmsil olunmurdu. 57 kq şəki dərəcəsində mübarizə aparan Yaprak Eriş isə gözəl döyüşləri ilə Oyunların çempionu adını qazanıb. Ardıcıl olaraq Pakistan, İran və Türkiyə təmsilçiləri üzərində qələbələr idmançımıza qızıl medal gətirib.

 

Kişilərin mübarizəsində isə hər iki çəkidə təmsil olunurduq. 58 kq-da mübarizə aparan Fizam Mehtiyev ilk döyüşündən sonradan Oyunların qalibi olan özbək taekvondoçuya məğlub olaraq mübarizəni dayandırıb.

 

Qaşım Məhəmmədov (54 kq) isə sıra ilə Pakistan, Özbəkistan və Türkiyə təmsilçilərini mübarizədən kənarlaşdıraraq adini finala yazdırıb. Lakin burada İran taekvondoçusuna məğlub olan Qaşım Oyunların gümüş medalına sahib olub.