Boksçularımız Avropa çempionatına hazır olduqlarını açıqlayıblar
ESTAFET/ 22 yaşadək boksçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışının son mərhələsini keçir. Xorvatiyanın Poreç şəhərində təşkil olunacaq Avropa çempionatına Boks Mərkəzində hazırlaşan komandamız artıq fiziki məşqləri azaldıb, bərpaedici çalışmalara başlayıb.
Komandamızın böyük məşqçisi Nəriman Abdullayevin sözlərinə görə, növbəti günlərdə əsas diqqət sürətli işləmələrə və boksçuların çəkisinin qaydasında saxlanılmasına yönələcək. Təcrübəli mütəxəssis hazırlığın plana uyğun davam etdiyini və bunun bəhrəsini Poreçdə görəcəklərinə inandığını bildirib.
Boksçularımızın özləri də martın 13-23-də təşkil olunacaq yarışdan medalla qayıdacaqlarına böyük ümid bəsləyirlər. Artıq çempionata hazır olduqlarını qeyd edən milli üzvləri səfərə çempionluq üçün yollanacaqlarını da gizlətmirlər.
Böyüklər arasında Azərbaycan çempionatının son qalibi, aşağı yaş qruplarında 5 dəfə ölkənin ən güclüsü adını qazanan Ruslan Qədirov vurğulayıb ki, Avropa çempionatında onu qızıl medal qane edəcək. 54 kq çəki dərəcəsində rinqə çıxacaq 20 yaşlı boksçu bu arzusuna çatmaq üçün təlim-məşq toplanışının yüksək səviyyədə davam etdiyini deyib: “Federasiya tərəfindən hər bir şərait yaradılıb. Qidalanmaqla və qalmaqla bağlı hər şey normaldır. Gündə 2 dəfə məşqimizi edirik. Yarışlara az qaldığından fiziki çalışmalar azalıb, məşqlər bir az yüngülləşib. Əsasən sürətli işləmələrə üstünlük veririk. Həmçinin çəkilərimizə diqqət edirik. Özümü yaxşı hiss edirəm və yaxşı formadayam. Hədəfim çempion olmaq, ölkəmizə medalla qayıtmaqdır. Qazanacağım uğuru isə böyük yarışlarda – dünya çempionatında, Olimpiya Oyunlarında davam etdirmək istəyirəm”.
Komandamızın təcrübəli boksçularından Cəlal Qurbanov (63,5 kq) beynəlxalq arenada da uğur qazanacağına inam ifadə edib. Yeniyetmələr və gənclər arasında Azərbaycan çempionu, böyüklərdə bürünc mükafatçı olan idmançı U-22-lərin Avropa çempionatında ikinci dəfə qüvvəsini sınayacaq. Dünya birinciliyində də rinqə çıxmış perspektivli milli üzvü təcrübəsinin köməyinə gələcəyinə ümid edir: “Hazırlığımız yaxşı gedir. Hər şey qaydasındadır. Yığmada hər bir boksçu yaxşı formadadır. İnanırıq ki, bu dəfə medallarımızın sayı çox olacaq. Özüm də lazımı formadayam. Gündə 2 dəfə məşq edirik. Poreçdə çempionluq üçün rinqə çıxacağam. Əvvəlki yarışlardakı təcrübənin köməyimə gələcəyinə inanıram. Çəki dərəcəmdəki rəqiblərin fərqi yoxdur. Biz səfərə Azərbaycan bayrağını yüksəklərə qaldırmaq üçün gedirik”.
Yığmamızın titullu boksçusu Murad Allahverdiyev (80 kq) Xorvatiyaya növbəti dəfə Avropa çempionu tituluna sahib olmaq üçün yollanacağını açıqlayıb. Yeniyetmələr arasında qitənin ən güclüsü adına yiyələnən, bürünc medal qazanan, həmçinin gənclər arasında Avropa üçüncüsü olan Tərtər boks məktəbinin yetirməsi U-22-lərin yarışında da Azərbaycan himnini səsləndirməyi hədəfləyib. Müxtəlif yaş qruplarında 5 dəfə Azərbaycan çempionu olan Allahverdiyev bildirib ki, hazırda karyerasının ən pik formasındadır: “Hazırlığımız yüksək səviyyədə gedir, hər şey yaxşıdır. İnanıram ki, Azərbaycana çox sayda yüksək əyarlı medallarla qayıdacağıq. Əvvəlki yarışlarla müqayisə etsəm, indi daha yaxşı formadayam. Təcrübəmin də köməyimə çatacağına inanıram. Özümə güvənirəm. Əsas rəqiblərim sırasında Rusiya, Belarus və Ukrayna təmsilçilərini tanıyırdım. Onların yarışa qatılmayacağı gözlənilir. Türkiyəli rəqibimi də yaxşı tanıyıram. Dünya birinciliyində ona qalib gəlmişəm. Əsas hazırlığımızdır ki, bu da ən yüksək səviyyədə davam edir. Hədəfim çempionluqdur. Bu isə komandamızda hər birimizin arzusudur”.
Qeyd edək ki, Azərbaycan yığması Avropa çempionatında 7 boksçu ilə təmsil olunacaq. Yarışda beynəlxalq dərəcəli referimiz Anar Babanlı da hakimlər sırasında yer alacaq.