Elçin Əsədov “Tour of Turkey” yarışında çıxış edir

ESTAFET/ Şosse velosipedi üzrə Azərbaycanın Elit yığma komandasının üzvü Elçin Əsədov Türkiyənin “Sakarya BB Pro Team” kontinental klubunun heyətində nüfuzlu “Tour of Turkey” yarışında çıxış edir. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2 Pro kateqoriyalı yarışında 6 Dünya Turu, 12 peşəkar kontinental və 7 kontinental olmaqla 25 kollektiv mübarizə aparır.
Qarşıya qoyulan tapşırığa əsasən komanda liderinin uğur qazanması üçün çalışan Elçin Əsədov 8 mərhələdən ibarət veloturun 146 km-lik 4-cü mərhələsi zamanı aralıq sürət sprintində 2-ci nəticə göstərməklə 3 xal da əldə edib və hazırda ən yaxşı sprinterlər siyahısında 28-ci yerdə qərarlaşır. Yeri gəlmişkən, bu mərhələdə “Sakarya BB Pro Team” klubunun türliyəli üzvü Mustafa Sayar Elçin Əsədov da daxil olmaqla digər komanda yoldaşlarının dəstəyi ilə finiş xəttini 12-ci yerdə keçib və hazırda ümumi təsnifatda 9-cu yerdə qərarlaşır. “Tour of Turkey” yarışına aprelin 17-də yekun vurulacaq.
