7 ildən sonra 10 komanda: Azərbaycan Premyer Liqası

ESTAFET/ Futbol üzrə Azərbaycan Premyer Liqasında komanda sayı 10-a çatdırılacaq. Bu artım AFFA-nın Lisenziyalaşma Komissiyasının bu gün açıqladığı qərardan sonra dəqiqləşib.

Belə ki, “Kəpəz”lə “Turan Tovuz”a elitada oynamaq üçün müvafiq lisenziya verilib. Bununla da Premyer Liqada iştirakçı sayı 10-a çatıb.

Son 6 mövsümdə 8 komanda ilə keçirilən yarışda sonuncu dəfə 2015/16 mövsümündə 10 klub oynayıb. 7 ildən sonra Premyer Liqada əvvəlki say qaytarılacaq. Komandalar dairəvi sistemlə 4 dövrədə oynayacaq.

Üçqat ölkə çempionu “Kəpəz” sonuncu dəfə 2017/18 mövsümündə oynadığı yüksək dəstəyə 4 ildən sonra qayıdır. “Turan Tovuz” isə Premyer Liqada debüt edəcək. Düzdür, şəhərin “Turan” adlı komandası olub. Lakin FİFA tərəfindən ağır cəzalara məruz qalan klub borcları ödəyə bilmədiyi üçün tarixin yaddaşına köçüb.

Müəllif: Bəhruz MƏMMƏDOV