QİTƏ ÇEMPİONATININ TƏQVİMİ AÇIQLANDI
ESTAFET/ Kişi boksçular arasında Xarkov şəhərində (Ukrayna) keçiriləcək Avropa çempionatının təqvimi dəqiqləşib. Azərbaycan boksçularının da iştirak edəcəyi yarışda iyunun 16-dan 20-dək ilkin döyüşlər baş tutacaq.
“Lokomotiv” İdman Sarayında təşkil olunacaq çempionatda iyunun 21-də 1/4 final mərhələsinin görüşləri keçiriləcək. Ardınca 1 gün istirahət edəcək boksçular yarımfinal qarşılaşmalarına çıxacaqlar. Bu görüşlər iyunun 23-nə təsadüf edəcək. Yarışın son günündə – iyunun 24-də isə qaliblərin adları bilinəcək.
Avropa çempionatında 10 çəki dərəcəsi üzrə 44 ölkədən 400-dək idmançının iştirakı gözlənilir.